Şrift:
Moskvada “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” forumu keçirilib
09.12.2020 [11:05] - Xəbərlər, İqtisadiyyat
Rusiya və Azərbaycan arasında kifayət qədər uzun müddət ərzində ticari-iqtisadi və humanitar əlaqələr tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır və uğurla inkişaf edir. Bizim qarşılıqlı əmtəə dövriyyəsi müxtəlif dövrlərdə müxtəlif istiqamətli, lakin bütövlükdə müsbət dinamikalı statistika nümayiş etdirib.

Bu barədə Rusiyanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Maksim Fateyev “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” forumunda çıxışında bildirib. Rusiya Ticarət-Sənaye Palatasında keçirilən tədbir Azərbaycan Respublikasının RF-dəki Ticarət Nümayəndəliyinin Biznes klubunun və “Russian Business Guide” jurnalının iclası çərçivəsində təşkil olunub.

M.Fateyevin fikrincə, cari il iqtisadiyyatın vəziyyətinə müəyyən korrektivlər daxil edib. Rəsmi məlumatlara görə, ölkələrimiz arasında əmtəə dövriyyəsi bu ilin 9 ayı ərzində 5 faiz aşağı düşüb. O deyib: “Tam əminik ki, yaxın perspektivdə qarşılıqlı ticarətin həcminin bərpasına və onun artım xəttini davam etdirməyə nail olacağıq”.

Rusiya Ticarət-Sənaye Palatasının təmsilçisi vurğulayıb ki, Azərbaycan Ticarət və Sənaye Palatası ilə birgə fəaliyyətin əsas istiqaməti iki ölkənin işgüzar dairələrinə energetika, nəqliyyat-logistika sahələrində, aqrosənaye kompleksində və s. sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın təşkilində kömək göstərməkdir.

M.Fateyev xatırladıb ki, son illər ərzində RF-nin 15-dən artıq subyektini təmsil edən sahibkarlardan ibarət nümayəndə heyətləri Azərbaycanda səfərdə olub. O, 2016-cı ildə Rusiya Ticarət-Sənaye Palatasının himayəsi ilə yaradılan Rusiya-Azərbaycan İşgüzar Şurasının əhəmiyyətini vurğulayaraq deyib: “İşgüzar Şura artıq Rusiya və Azərbaycanın Ticarət-Sənaye palataları arasındakı sazişdə qeyd edilən əməkdaşlıq istiqamətləri üzərində diqqəti cəmləşdirib. Bundan əlavə, nəqliyyat, kənd təsərrüfatı, turizm və əczaçılıq kimi istiqamətlər də əhatə olunur”.

Forumda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da çıxış edib. Səfir bu tədbirin iki ölkə üçün vacibliyini qeyd edərək vurğulayıb ki, koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan ilə Rusiya arasında iqtisadi münasibətlər inkişaf etməkdədir, hökumətlərarası komissiya, parlamentlərarası komissiya fəaliyyət göstərir. Səfir iqtisadi əlaqələrin inkişafı üçün əlindən gələni edən Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin fəaliyyətini xüsusi qeyd edib.

Diplomat deyib: “Biz əlamətdar vaxtda toplaşmışıq, bizim ölkəmiz Azərbaycan xalqının 30 il gözlədiyi Böyük Qələbəni qazanıb, işğal altında olan torpaqlarımız azad edilib. Bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə açılır. Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışlarında bildirib ki, bu, bütün regionun inkişafı üçün böyük imkanlar açır”.

P.Bülbüloğlu deyib ki, iqtisadi əlaqələrin inkişafında əsas təkanverici qüvvə biznesmenlər, ticarət, həmçinin təkcə ölkələrimizin coğrafiyası ilə deyil, həm də siyasi, mədəni və bir çox digər münasibətlərlə bağlı qarşılıqlı maraqdır ki, bunlar. Bu geniş qarşılıqlı fəaliyyətin əsas təşəbbüskarları hər şeydən əvvəl Azərbaycan və Rusiya prezidentləridir. Onlar ölkələrimiz arasında əlaqələri həmişə diqqət mərkəzində saxlayırlar.

Səfir xatırladıb ki, Azərbaycan Rusiya Federasiyasının regionları ilə də uğurla əməkdaşlıq edir. O, “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” forumunun iqtisadi əlaqələrin inkişafı imkanlarının müzakirəsi üçün əlverişli məkan olacağına əminliyini bildirib.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed