Şrift:
Azərbaycanda etnik müharibəyə cəhdlər gücləndirilir
20.11.2012 [11:31] - Xəbərlər, Siyasət
Ölkəmizi parçalamaq istəyən xarici qüvvələrin hücumlarını önləmək üçün ən əsas və həlledici yol hansıdır?

Rusiyanın Azərbaycana təzyiqlərinin artdığı bir məqamda bu ölkənin səfirinin Qusar və Zaqatalaya səfər etməsi, “Sadval”ın bərpası, Moskvada Azərbaycanda etnik problemlərlə bağlı dəyirmi masaların keçirilməsi istər-istəməz belə bir sual doğurur: bu ərazilərdə yeni etnik qarşıdurmalar mümkündürmü? Belə münaqişə ocaqları alovlandırmaqda Rusiya həmişə maraqlı olub. Odur ki, etnik müharibə təhlükəsi barədə düşünməyə dəyər.

Etnik qarşıdurmanı mümkün edən amillərdən biri də ölkədə baş verən sosial ədalətsizlik və korrupsiya hallarıdır. Bu kimi neqativ göstəricilər millətçiliyin və etnik separatizmin inkişafına rəvac verir. Problemlərin mövcudluğunda əsas etnosu günahkar bilmək, hakimiyyəti məhz dominant etnosun təmsilçiliyi kimi göstərmək milli zəmində qarşıdurma yaratmaq istəyən qrupların fəaliyyəti üçün tam şərait yaradır.

Qeyd edək ki, artıq uzun illərdir ki, ölkənin şimal bölgəsinin bəzi ərazilərində Azərbaycan qanunlarına boyun əyməkdən yayınmaq halları, rəsmi Bakıya meydan oxumaq cəhdləri və dövlət dilinə sayğısız münasibət müşahidə edilməkdədir. Bu ərazilərdə yaşayan əhalinin əhəmiyyətli bir kəsiminin çörək pulu dalınca Rusiyaya yollanması qonşu ölkəni daha da cəlbedici göstərir. Azərbaycanda Rusiya ilə müqayisədə problemlərin daha çox olması separatçı kəsimə “Rusiya tərkibində, qardaş Dağıstanla birləşərək, daha yaxşı yaşaya bilərdik” fikrini aşılamağa rəvac vermiş olur. Bir sözlə, şimal bölgələrində müəyyən qüvvələr Moskvaya Bakıdan daha çox arxalanırlar. Bununla paralel, müəyyən təxribatçı qüvvələrin “Müstəqil Ləzgistan” yaratmaq cəhdləri vəziyyəti daha da qəlizləşdirir. Şimal bölgəsində sələfi əqidəli insanların gün-gündən güclənməsi isə gələcəkdə Azərbaycanda etnik münaqişənin dini müstəviyə transfer edə biləcəyini ehtimal etməyə əsas verir. Belə ki, ölkənin cənub bölgəsində də iki ölkənin təsiri aydın hiss olunur - İran və əlbəttə ki, əsas dolanışıq mənbəyi olan Rusiya. Bu bölgədə şiəliyin əsas amil olması isə gələcəkdə şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisidir.

Azərbaycanın parçalanması və zəiflədilməsi üçün bundan “gözəl” fürsət ola bilməz. Maraqlıdır ki, istər bəzi separatçı talış mərkəzləri, bəzi ləzgi mərkəzləri eyni dəyirmi masalarda iştirak edir və rəsmi Bakını şantaj edirlər. Baxmayaraq ki, onlar gələcəkdə bir-birilərinə qarşı savaşın iştirakçıları ola bilərlər.

Onu da vurğulayaq ki, etnik məsələ o dərəcədə zərif məsələdir ki, hakimiyyətin seçdiyi “balta üsulu” ilə həll etmək cəhdləri yalnız zərər vura bilər. Bu baxımdan, talış mədəniyyətinin araşdırmaçısı olan alim Hilal Məmmədovun əksəriyyətdə şübhə doğuran narkotika şantajı ilə həbsi problemi daha da dərinləşdirir. Xüsusən də Novruzəli Məmmədovun həbsxanadakı vəfatından sonra ikinci talış ziyalısının uydurma maddələrlə həbsi vəziyyəti ağırlaşdırır. Artıq separatçıların təbliğatı üçün münbit şərait yaradılıb və baş verənləri etnik dözümsüzlük kimi dəyərləndirmələr başlanıb.

Unutmaq lazım deyil ki, müşahidə olunan qanunsuzluqlardan ölkədə hamı əziyyət çəkir, o cümlədən də türklər. Mövcud problemləri etnik məsələ kimi qələmə vermək ən azı insafsızlıq və qərəzlilik olardı.

Bu arada Azərbaycanda “kürd kartı”nın işlənə biləcəyi ehtimalı heç də kiçik görünmür. Bu isə o deməkdir ki, PKK müharibəni Azərbaycan ərazisinə keçirə bilsə, ölkəmiz üçün daha ağır fəsadlar baş verə bilər. Başqa sözlə deyilsə, PKK Azərbaycanda yaşayan kürdlərin arasında separatçılıq tendensiyalarının güclənməsinə çalışa bilər. Onu da unutmaq olmaz ki, PKK-nın Azərbaycanda üz tutduğu əsas məkan işğal olunmuş ərazilərdir. İşğal olunmuş Azərbaycan ərazilərində PKK-nın hərbi təlim keçdiyi barədə məlumatlar yetərincədir. Qarabağ ərazisində PKK bazalarının yerləşdirilməsi barədə isə Türkiyə mətbuatı, kəşfiyyat orqanlarına istinadən, xeyli sayda məlumat yayıb. Yayılan bəzi məlumatlara görə, Türkiyə kəşfiyyatı terrorçuların Laçın və Kəlbəcər bölgələrində təlim düşərgələri yaratdığını müəyyənləşdirib. İndiki şəraitdə PKK üçün ən əlverişli yer yalnız Dağlıq Qarabağ ola bilər. İstər Türkiyə, istərsə də Azərbaycan əleyhinə təxribatlar həyata keçirə bilməkdən ötrü PKK-nın belə nəzarətsiz ərazilərə ehtiyacı var.

Bu baxımdan, Azərbaycanda yeni etnik problemlərin və münaqişələrin alovlandırılması tam real görünür. Nəzərə alsaq ki, ölkə daxilində də vətəndaş sülhündən danışmaq imkansızdır, baş verə biləcək etnik qarşıdurmaların dərinləşə biləcəyini ehtimal edə bilərik.

Azərbaycanı parçalamaq istəyən xarici qüvvələr kifayət qədərdir. Bunun qarşısını almağın yeganə yolu demokratik təsisatların bərpasından keçir. Əks təqdirdə, “qığılcımdan alov doğar” deyimi bu dəfə də keçərli ola bilər. Yalnız demokratik seçkilər etnik, dini və digər ayrı-seçkiliyə son qoya bilər.

Bu gün Azərbaycanda gec partlayan minalar kifayət qədərdir. Bunun qarşısı bu gün alınmasa, fəsadlar dəhşətli olacaq. Lakin yuxarıda da vurğuladığımız kimi, bu məsələ zərgər dəqiqliyi tələb edir, “balta üsulu” bumeranq effekti verə bilər...

Azər RƏŞİDOĞLU
Bu xəbər oxucular tərəfindən 1508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed