Şrift:
Bu gün Azərbaycan möhtəşəm Qələbə Paradı keçirəcək
14.12.2020 [14:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Paradda Türkiyə liderinin və hərbçilərinin də iştirakı dünyaya mesajdır

Bu gün Azərbaycan Ordusu Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçirəcək. Bakı şəhərində keçiriləcək parad Azərbaycanın tarixində ilk dəfə keçirilən qələbə paradıdır.

Hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarə və helikopterləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Qələbə paradında qardaş Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlılarından ibarət bölük də iştirak edəcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Vətəndaşların, şəhər sakinlərinin koronavirus pandemiyası ilə əlaqədar paradı kütləvi toplaşmaqla canlı izləməsinin məqsədəuyğun olmadığı bəyan edilib. Vətəndaşlara tövsiyə edilib ki, möhtəşəm Qələbə paradını televizorlardan izləmək daha məqsədəuyğundur. Çünki minlərlə insanın bir yerə toplaşması koronavirusun kütləvi yayılmasına səbəb ola bilər.

Paradda izləyici qismində iştirakçıların sayına mümkün qədər məhdudiyyətlər tətbiq ediləcək.

İştirak edənlər isə mümkün qədər ara məsafəsini gözləməli, virusdan qorunmaq üçün bütün tələb olunanlara əməl etməlidirlər.

Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. O, dekabrın 9-da bu məqsədlə Bakıya gəlib.

Paradda həmçinin Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirdi ki, Qələbə paradı Azərbaycanın hərbi qələbəsinin hərbi-rəsmi təsdiqidir. Türkiyənin Prezidenti Ərdoğanın və türk əsgərlərinin paradda iştirakının da xüsusi əhəmiyyəti var. Dünyaya və xalqlarımıza mesajdır ki, bizim gələcəyimiz birgə müəyyənləşəcək: “Müharibə dönəmində də qardaş ölkənin yanımızda olduğunu bütün dünya gördü. Hətta açıq ifadə olundu ki, ehtiyac olarsa, Azərbaycan tərəfi hərbi, əsgəri yaradım istəsə Türkiyə buna hazırdır. Yəni bütün sferalarda iki qardaş ölkənin münasibətləri bu səviyyəyə qalxıb. Bir çox dövlətlər bu mesajı alıblar və sabah bir daha alacaqlar. Azərbaycanla münasibətlərində reallığı nəzərə almalıdırlar. Biz həmişə çalışmışıq ki, türk dünyası vahid mövqedən çıxış eləsin. Biz bir yerdə olmağa məhkumuq. Türkiyə ilə Azərbaycan ortaya birlik nümunəsi qoyub. Türkiyənin Cümhurbaşkanı və silahlı qüvvələri Azərbaycanın qələbə paradında iştirakı haqq edirlər. Gələcəyimizin ortaq müəyyənləşməsində bu məqam mühümdür. Türkiyə artıq bölgə gücündən dünya gücünə çevrilib. Gepolitik anlamda da Türkiyənin burada olması Azərbaycanın gücünü, immunitetini artırır”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed