Şrift:
Azərbaycan İranda Araz çayının məcrasının dəyişdirilməsindən narahatdır
21.11.2012 [09:45] - Gündəm, İqtisadiyyat
Araz çayının suyundan istifadə edilməsi Azərbaycanın ekologiyasına mənfi təsir göstərəcək. Bunu çərşənbə axşamı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

"Araz çayının məcrasının dəyişdirilməsi danışıqlar mövzusu ola bilməz", - Məmmədov deyib.

O qeyd edib ki, bu, həm ekoloji, həm də kənd təsərrüfatı baxımından Azərbaycanın Araz çayı boyunca yerləşən ərazilərinə mənfi təsir göstərəcək.

"Onsuz da Azərbaycanda su çatışmır, Araz çayının suyunun kəsilməsi və ya azaldılması Araz boyu regionlara ağır təsir göstərəcək", - Qəribov deyib.

O bildirib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi qətidir.

Qeyd edək ki, İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.

Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

"Urmiya gölünə Araz çayının suyunun axıdılması planı üzrə iş gedir. Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq". Bunu öncə İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfəda deyib.
Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed