Şrift:
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə gələn ilk ixrac qatarının qarşılanma mərasimi olub
23.12.2020 [11:53] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədən Bakı-Tbilisi-Qars və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Çinə gələn ilk ixrac qatarının Sian şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Sian şəhərində quru yük limanında təşkil olunan mərasimdə Çinin müvafiq qurumlarının rəsmiləri, Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Önen iştirak ediblər.

Çıxış edənlər dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında "Orta dəhliz" adalanan Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu xəttinin məsafə, vaxt və xərclər baxımından cəlbediciliyini vurğulayıblar. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi bu dəhlizlə hərəkət edən qatarların sayı və daşınan yüklərin həcmi davamlı olaraq artır. Həmçinin "Orta dəhliz"in Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün icrası baxımından əhəmiyyəti vurğulanıb, habelə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əlaqələrin genişlənməsinə böyük töhfələr verdiyi bildirilib.

Qeyd olunub ki, dekabrın 4-də İstanbulda yolasalma mərasimi olan qatar dekabrın 6-da saat 10:30-da Köseköy stansiyasından yüklənərək yola çıxıb. İxrac qatarı İstanbul-Köseköy–Ankara–Sivas-Qars-Tbilisi-Bakı-Aktau-Almata-Xorqos-Sian xətti üzrə 8693 kilometr yol qət edib. Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət qatar Çinin Qazaxıstanla sərhədindəki Xorqos quru limanına planlaşdırılan vaxtdan 2 gün əvvəl çatıb. Qatar təyinat nöqtəsi olan Sian şəhərinə isə dekabrın 19-da çatıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçib. Türkiyədən Çinə ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.

Bu marşurut üzrə Türkiyədən ikinci ixrac qatarı da artıq yola düşüb. Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda 2 dəfə olmaqla müntəzəm hərəkət edəcək.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed