Şrift:
Türkiyə hökuməti PKK terror qrupunun həbsdə olan rəhbəri Abdullah Öcalanla görüş keçirəcək
21.11.2012 [10:36] - Gündəm, Siyasət
Bu barədə açıqlama verən ölkənin ədliyyə naziri Sədullah Ərgin bildirib ki, görüşün keçirilməsi ənənəvi xarakter daşıyır. Onun sözlərinə görə, hökumətin kəşfiyyat orqanları ölkənin təhlükəsizliyi ilə əlaqədar olaraq terrorla mübarizə siyasəti çərçivəsində Öcalanla əvvəllər də görüşlər keçirib və bundan sonra da lazım olduqda bu görüşlər davam etdiriləcək. Qeyd edək ki, görüşün yeri və zamanı ilə bağlı məlumatlar, hələ ki, gizli saxlanılır.

Qrupun digər aparıcı üzvləri ilə isə sonuncu dəfə bir neçə il bundan əvvəl Norveçin paytaxtı Osloda gizli görüşlər baş tutub.

Qeyd edək ki, son bir neçə həftədir ki, PKK-nın tərəfdaşı olan “Sülh və demokratiya partiyası”nın həbsxanalarda olan üzvləri aclıq aksiyası keçirir. Bununla bağlı Türkiyənin bir sıra bölgələrində də zorakılıqlarla müşayiət olunan aksiyalar keçirilir. Öcalanın partiya tərəfdarlarına aksiyalara son qoymaları üçün müraciəti fonunda keçirilən görüş kürd probleminin həlli yolunda dəyişiklilərin olacağına ümid verir. Lakin Öcalanın çağırışlarına baxmayaraq, partiyanın 700-ə yaxın tərəfdarı hələ ki, aclıq aksiyasına son verməyib.

Bu arada, rəsmi Ankara ölkədə kürdlərin fəallaşmasını Türkiyənin Suriya ilə olan münasibətləri ilə əlaqələndirib və Suriya prezidenti Bəşər Əsədi PKK qüvvələrinə silah verərək təhrikedici rol oynamaqda ittiham edib.
Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed