Şrift:
“Mədəniyyət/Culture” jurnalının yeni nömrəsində...
25.12.2020 [11:01] - Xəbərlər, Mədəniyyət
“Mədəniyyət/Culture” jurnalının yeni nömrəsi işıq üzü görüb.

Jurnalın üz qabığındakı “27 sentyabr - Anım günü” yazısı möhtəşəm Qələbəmizin başlanğıc xatırlatması kimi rəmzlənir. Bu nömrənin səhifələrində Vətən müharibəsinin ilk günlərinin döyüşkən əhval-ruhiyyəsi öz əksini tapır. Dərgi Azərbaycan ordusunun Qarabağda zəfər yürüşü zəminində yazdığı şanlı tarixlə bağlı “Əsrə bərabər günlər” sərlövhəli məqalə ilə açılır və Mədəniyyət Nazirliyinin qalibiyyətli Vətən müharibəsi dövründəki fəaliyyətini təqdim edir. Ölkə başçısının müvafiq Sərəncamı ilə 100 illik yubileyi qeyd olunan Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov və onun oğlu Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun həyat və döyüş yolu barədə nəvə polis polkovnik-leytenantı Müşfiq Cəbrayılovla müsahibədə oxucu nəsillərin varisliyinin şahidi olacaq. Müsahibədə bir ailənin iki qəhrəmanının II Dünya müharibəsi cəbhəsindən bu günün Qarabağ Vətən cəbhəsinə uzanan yollarının mürəkkəb, amma şərəfli tarixindən söz açılır.

“Ədəbiyyat” rubrikasında azadlıq mübarizəsinin başlanğıcından meydanda olan alim qəhrəmanımız Aydın Məmmədov obrazından və əsərləri ilə yeni nəsildə vətənpərvər ruh formalaşdıran yazıçı Əli Səmədli nəsrindən bəhs olunur. “Kino” rubrikamızda müxtəlif yaş kateqoriyasına mənsub kinematoqrafçılarımızın hərbi-vətənpərvərlik mövzusuna artıq Qələbə rakursuna işıq tutulur. “Rəngkarlıq” bölümündə “Xalq rəssamı Elmira Şahtaxtinskayanın “Azərbaycan - qədim mədəniyyət ölkəsidir” silsiləsi haqqında “Azərbaycanın informasiya müharibəsində rolu” məqaləsində söz açılır. Naxçıvanda xalçaçılığın tarixi və inkişafı mövzusunda suallara isə AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli cavab verir. “Sakura ağacının kölgəsində kimono geyimli musiqiçimiz” başlıqlı məqalədə vətəndən uzaqlarda – Yaponiyada yaşayan istedadlı pianoçu Gülnarə Azuma- Səfərovanın çoxcəhətli yaradıcılığından bəhs olunur. “Mədəni irsimiz” rubrikasında “Azadlığa qovuşan abidələr” və “Qədim yaşayış yeri – Qala kəndi” yazıları həm də fotoşəkillərin dili ilə danışır.

Jurnalın sərbəst mövzuları sırasında “Üzeyir Musiqi Günü”nə həsr olunan ənənəvi festivalın televersiyasının şərhinə, Çexiyada yaşayıb rus dilində yazan şairəmiz Leyla Bəyimin “Сердце мое –Шуша” şeir-nəğməsinə rast gələcəksiniz. “Həmkarlarımız” layihəsində bu dəfə fotoqraf dostlarımız Zaur Mustafayev və Cəlal Firidunov barədə yazımız yer alıb.

Oxucu Qələbə haqqında jurnalist düşüncələriylə də qarşılaşacaq - “44 qızıl gün və Xudafərin” yazısında. Əslində Xudafərinin adı daha çox bir rəmz kimi mövzuya işıq tutur. Hər birimiz üçün müqəddəs olan Xudafərin hekayəsi ilə oxucumuzla hələ çox görüşəcəyik səhifələrimizdə...

Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısında olan jurnal kimi dərgi elmi hissəsi yenə də müqtədir və gənc tədqiqatçılarımızın, alimlərimizin məqalələri ilə zəngindir.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed