Şrift:
Fərəc Quliyev: 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil olub
30.12.2020 [16:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Pandemiya səbəbindən 2020-ci il bütün dünya üçün çətin və ağrılı il olsa da, cari ilin payızında Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi dövlətimizin və xalqımızın gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəman övladlarının qanı və canı bahasına möhtəşəm zəfər əldə edilib. Bununla da 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil olub”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Partiya sədrinin sözlərinə görə, həmçinin yola saldığımız il ölkəmizdə siyasi islahatların dərinləşdirilməsi və siyasi dialoq mühitinin gücləndirilməsi baxımından da uğurlu olub: “2019-cu ildə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, müvafiq şöbənin rəhbərliyinin səmərəli fəaliyyəti ötən il ərzində əksər siyasi təşkilatların Azərbaycan üçün taleyüklü məqamlarda birlik və həmrəylik nümayiş etdirməsinə öz töhfəsini verib. Təsadüfi deyil ki, bütün xarici təzyiqlərə, “beşinci kolon”un təxribat cəhdlərinə baxmayaraq, ölkəmizdə mövcud olan birlik və həmrəylik milli maraqlarımızın vahid platformada müdafiə olunmasına imkan verib”.
“Hesab edirəm ki, bu il təkcə Azərbaycan üçün yox, regionun gələcəyi üçün çox ciddi dəyişikliklər vəd edən yeni reallıqlar yaradılıb. Bu, bölgə ölkələrinin də iştirak edəcəyi çoxtərəfli əməkdaşlıq formatı vəd edir”, - deyə F.Quliyev bildirib.

Qaşqay RAMAZANOV
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed