Şrift:
Bu gün “Yeni çağırışlar” onlayn müzakirə proqramına start verilir
07.01.2021 [11:25] - Gündəm, Gənclik, Bildiriş
Bu gün saat 19:00-da Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” onlayn müzakirə proqramına start verilir.

Nazirlikdən bildirilib ki, təhsilin idarə olunması üzrə mütəxəssis, “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında proqramın ayda iki dəfə yayımı planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.

Proqramın ilk buraxılışın qonağı Sal Xan olacaq. Görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Sal Xan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan “Khan Academy” ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan “Khan Academy” bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə “Khan Academy”də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur.

Qeyd edək ki, “Yeni çağırışlar” müzakirə proqramına abunə olmaq istəyənlər “T-NETWORK”un “Facebook” səhifəsinə (https://www.facebook.com/tnetwork.az/) müraciət edə bilərlər. Bu, proqramın növbəti buraxılışları haqqında operativ məlumat əldə etmək imkanı verir.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed