Şrift:
Mümkün Azərbaycan-Rusiya-Ermənistan görüşündə Türkiyənin iştirakından söhbət getmir - yarımçıq görüş formatı...
07.01.2021 [22:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son günlər Rusiya və Ermənistan mediasında aparılan müzakirələrdə bildirilir ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli görüş baş tuta bilər. Amma nədənsə, qardaş Türkiyənin bu görüşdə iştirakı barədə fikir yürüdülmür. Məlumdur ki, 2020-ci il Cənubi Qafqazda geosiyasi durumun kifayət qədər dəyişməsi ilə yadda qaldı. İllərdir həllini tapmayan Dağlıq Qarabağ problemi çözüldü, noyabrın 10-da Ermənistan tərəfi kapitulyasiya sənədini imzaladı. Buna rəğmən, 2021-ci ildə Qarabağda yenidən müharibənin başlayıb-başlamayacağına dair müəyyən suallar yaranıb və bunun ətrafında müzakirələr aparılır. Xüsusilə 44 günlük müharibədən sonra bəzi məsələlərin siyasi masada həllinə və aydınlaşdırılmasına ehtiyacın olduğu hiss edilir. Bəzi ekspertlər hesab edir ki, belə bir vəziyyətdə üçtərəfli görüşdən imtina etmək lazımdır. Çünki qarşımızda öz maraqlarını müdafiə edən iki dövlət olacaq. Bu mənada, Türkiyənin də masada olamsının vacibliyi vurğulanır.

“İndiyə qədərki proseslərdə Türkiyə yanımızda olubsa, bundan sonra niyə olmasın?”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bölgədə yeni reallıqları yaradan ölkələr Türkiyə, Rusiya və Azərbaycandır:

“ Ermənistan bu məsələdə bir obyektdir. Bu baxımdan da, 2+2 formatında görüşün keçirilməsi daha məqsədəuyğundur. Yaranmış yeni status-kvo ilə bağlı Türkiyənin də müzakirələrdə iştirakı çox vacibdir. Görünən budur ki, hazırda bölgədə Rusiya ilə Ermənistanın tandemi yaranıb. Çünki Rusiya bitərəf mövqe sərgiləmir. Buna görə də balansı yaratmaq üçün Türkiyənin iştirakı vacibdir. Hesab edirəm ki, Türkiyənin iştirakı ilə baş tutan görüş məhsuldar olar. Buna nail ola bilsək yaxşıdır. Ancaq mümkün olmasa belə, masadan qaçmağa dəyməz. Müzakirə üçün kifayət qədər mövzular var. Biz hər gün Bəyanatdakı bəndlərin pozulduğunun şahidi oluruq. Yəqin ki, Azərbaycanın müvafiq strukturları bu detalları protokallaşdırıb. Bütün bunlar mütləq masada müzakirə edilməlidir. Sülhməramlı bölgədədi, ancaq erməni silahlıları tam olaraq bölgədən çıxarılmayıb. Rusiya generallarının orada qondarma qurumla müzakirələr aparması, Laçın dəhlizini ermənilərin üzünə tam açıb, heç bir filtrasiya aparmaması və sadalamaqla bitməyən başqa qanun pozuntuları ətrafında müzakirəyə ehtiyac var. Rusiya sülhməramlıları hələ də türk əsilli azərbaycanlı qaçqınların öz yurdlarına qayıtmasına şərait yaratmır. Bütün bu suallar bizi ciddi narahat edir. Çox arzulayaram ki, Azərbaycan tərəfi təkidlə Türkiyənin danışıqda olmasını tələb etsin. Çünki bundan sonrakı hadisələrin hansı məcrada davam edəcəyini müəyyən etmək olmaz. Rusiya sülhməramlıları belə fəaliyyəti davam etdirərsə, orada münaqişənin yenidən alovlanması qaçılmazdır. İndiyə qədərki proseslərdə Türkiyə yanımızda olubsa, bundan sonra niyə olmasın? Ərdoğanın dediyi kimi, “gələcəyimizi ortaq müəyyənləşdiririk” prinsipini əsas tutmalıyıq”.

Partiya sədrinin sözlərinə görə, hətta yeri gəlsə, Azərbaycan hakimiyyəti Türkiyənin iştirakı olmayacağı təqdirdə masadan imtina məsələsi tələbini irəli sürsün.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed