Şrift:
“Xarı bülbül Aksiyası” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
08.01.2021 [11:41] - Gündəm, Sosial
“Xarı bülbül Aksiyası” xeyriyyə layihəsi davam edir. “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə I və II Qarabağ müharibəsində şəhid olanların xatirəsinə və Azərbaycan xalqının şərəfli qələbəsinə həsr olunmuş “Xarı bülbül Aksiyası” yaradıcılıq müsabiqəsinin qaliblərinin onlayn mükafatlandırma mərasimi və 20 saatlıq xeyriyyə beynəlxalq marafon-auksionu keçirilib.

Mərkəzdən bildiriblər ki, aksiyanın və beynəlxalq onlayn marafonun əsas məqsədi qələbə qazanan azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirməkdən ibarətdir.

Yaradıcılıq müsabiqəsi iştirakçılarının döş nişanları və broşlar onlayn formatda nümayiş olundu. Müsabiqədə həm peşəkar zərgərlər, dekorativ və tətbiqi sənət ustaları, həm də qeyri-peşəkar, eləcə də 6 yaşdan 15 yaşadək uşaqlar iştirak edib. Bütün iştirakçılar üzrə ümumilikdə 45 məhsul təqdim edilib və müsabiqənin laureatları seçilib. Onlara xatirə diplomları təqdim olunacaq. Üç tələbi yerinə yetirmək üçün xüsusi mükafat – tətbiqetmənin asanlığı, yaradıcılığı və vəsaitin mövcudluğuna (əlçatanlığına) uyğun olaraq ilk iki qalib arasında bölüşdürülüb.

Auksionda fasiləsiz olaraq Xarı bülbül təsviri olan rəsm əsərləri, kitablar, aksesuarlar, bu çiçək şəklində döş nişanları və broşlar, milli suvenirlər və s. xalq sənəti ustalarının, sənətkarların, həvəskar iştirakçıların məhsulları təqdim edilib. “Foglie D'alloro”, “I love Baku”, “Minalı”, “Butalı Azerbaijan Jewelry”, “Galemkari Style by FR Collection”, “Zadagan”, “Sabikhan”, "Asul", "Azəripək", “Ağ Çiçəyim” və digər şirkətlər dəstəyə fəal qatılıb və hərraca məhsullar bağışlayıblar. Tədbirdə Azərbaycanın 100-dən çox dekorativ-tətbiqi sənət ustası, sənətkarları və rəssamları iştirak edib.

"EkoSfera" Sosial-Ekoloji Mərkəzi bu məhsulların satışından toplanan vəsaiti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) bağışlayacaq.

Qeyd edək ki, bu müsabiqənin məqsədlərindən biri də əlamətdar günlərdə – 27 sentyabr- Anım Günü, 8 noyabr- Zəfər Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Zəfər və Qarabağ həsrətinin simvolu kimi xarıbülbül rəmzinin taxılması ənənəsini yaratmaqdır. Növbəti “Xarı bülbül Aksiyası” onlayn marafonunun cari ildə yaz fəslində Novruz bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed