Şrift:
Hərbi ittifaq mütləq qurulmalıdır
14.01.2021 [19:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türkiyə-Azərbaycan-Pakistan formatı düşmənlərə göz dağıdır

"İstəməsək belə dünyanın böyük maraqları məhz bu regionda toqquşacaq. Hər şeyə hazır olmalıyıq, arada qalmamalıyıq"

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Pakistanın paytaxtı İslamabadda görüşü, hərbi hava qüvvələrinin rəhbərliyinin təmasları, qarşılıqlı səfərləri yeni prosesin başladığını göstərir. Regionda Azərbaycan-Türkiyə və Pakistandan ibarət üçlü formatın, birgə hərbi əməkdaşlığın əsası qoyulur. Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayen ölkə mətbuatına açıqlamasında üç ölkə arasında çox güclü münasibətlərin mövcud olduğunu deyib. Siyasi-iqtisadi münasibətləri, müdafiə sahəsindəki əlaqələri xatırladan səfir üçlü əməkdaşlığın daha da gücləndirilməsi yönündə addımlar atıldığını söyləyib: “Üç ölkə arasında çoxşaxəli münasibətlər inkişaf edir.

Müxtəlif sahələrdə əməkdaşlıq etdiyimiz zaman ordu da avtomatik olaraq bu əməkdaşlığın bir hissəsinə çevrilir. Ancaq hərbi əməkdaşlığımız digər ölkələrə qarşı deyil. Məqsədimiz dövlətlərimiz arasında əlaqələri dərinləşdirməkdir”. Azərbaycan, Türkiyə və Pakistan hər zaman biri-birlərinə dəstək olublar, beynəlxalq təşkilatlarda birmənalı biri-birlərinin müdafiəsində dayanıblar. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış ediblər. İki qardaş ölkə indiyədək Ermənistanla diplomatik münasibət qurmayıblar. Azərbaycan da öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük önəm verib, bu ölkələrin problemlərinə daim həssaslıqla yanaşıb. Üç ölkə arasında münasibətlər ən ideal səviyyədədir. Siyasi şərhçilərin sözlərinə görə, Azərbaycan-Türkiyə-Pakistan formatı üç ölkənin düşmənlərinə göz dağı olmaqla yanaşı, həm də çəkindirici mesajdır.

Üç dövlətin əməkdaşlığı ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, Azərbaycan-Pakistan və Türkiyə hərbi ittifaq yaratmaqdan çəkinməməlidir. Partiya rəhbərinin sözlərinə görə, hərbi ittifaqlar iki müstəvidə formalaşır. Birincisi, işğal siyasətini həyata keçirmək üçün qurulur. İkincisi isə birgə müdafiə olunmaq məqsədi güdür:

“Azərbaycan heç vaxt başqa dövlətin ərazisinə iddia etməyib. Ona görə də müdafiə mahiyyətli hərbi ittifaq formalaşdırmaq cəhdlərimiz heç kimdə qıcıq yaratmamalıdır. Ermənistan Rusiya ilə ortaq ordu yaradıb. İkinci Qarabağ savaşında Putinin özünün etirafına görə, Rusiya mütəmadi olaraq Ermənistanı silah-sursatla təmin edib.

Əgər Avropa Evi yaranıbsa və qitə dövlətləri xristian ənənələrinə söykənən birlik təsis ediblərsə, nəyə görə biz öz Evimizi qurmayaq? Mərkəzi Azərbaycan, Türkiyə, Pakistan olmaqla gələcəkdə digər ölkələrin də qatılması ilə daha geniş format yaratmaq mümkündür.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Mərkəzi Asiyanın türk respublikaları ilə əlaqələr qurulur, münasibətlər genişlənir. Bütün çərçivələrdə imkanlardan maksimum faydalanmalı, potensialımızı ortaya qoymalıyıq”.

F.Quliyev vurğulayıb ki, dünyanın siyasi mərkəzi Avropadan Asiyaya və qismən Şimali Afrikaya transfer olunur:
“Azərbaycan, Türkiyə və Pakistan dünyanın qəlbi deyilən bu ərazidə yerləşir. İstəməsək belə dünyanın böyük maraqları məhz bu regionda toqquşacaq. Hər şeyə hazır olmalıyıq, arada qalmamalıyıq.

Böyük ehtimal üçlü görüşdən sonra digər türk ölkələri ilə də mütəmadi təmaslar qurulacaq. 44 günlük müharibə dövründə kimin kim olduğu üzə çıxdı. Qardaş Türkiyə bütün resursları ilə yanımızda olduğunu əyani göstərdi.

Eyniylə dost Pakistan bütün imkanlarını ortaya qoyacağını açıqladı. Hər üç dövlət hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan, Pakistan, Türkiyə və Çinin “F 17” qırıcılarının istehsalı ilə bağlı ortaq layihəsi var. Ortaq projeləri davam etdirmək lazımdır.

Düşmənlər üzərimizə gələrkən yanımızda müttəfiqlərimiz olmazsa, bizi əzməyə çalışacaqlar. Vətən müharibəsində bunu müşahidə etdik. Savaş gedən günlərdə Türkiyə və Pakistanın qətiyyətli mövqeyi olmasaydı, üçüncü dövlətlərin proseslərə müdaxiləsi qaçılmaz olacaqdı”.

İsmayıl Qocayev
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed