Şrift:
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15.01.2021 [11:39] - Xəbərlər, Hadisə
İndoneziyada son sutkada baş verən silsilə zəlzələlər nəticəsində ən azı 34 nəfər həlak olub.

Bu barədə İndoneziya Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadla yerli KİV-lər məlumat yayıb. İlkin olaraq yeddi nəfərin həlak olması və 600-dək insanın yaralanması barədə məlumatlar yayılmışdı.

İndoneziya Meteorologiya Agentliyinin məlumatına görə Sulavesi adasında son sutkada 5,7 və 6,2 bal gücündə iki güclü zəlzələ baş verib. Bunun ardınca güclü afterşoklar qeydə alınıb. Bildirilir ki, yeni güclü yeraltı təkanlar baş verəcəyi təqdirdə sunami təhlükəsi də gözlənilir.

İndoneziyalı meteoroloqlar artıq 25-dən çox afterşokun qeydə alındığını bildiriblər. İndoneziya Prezidenti Coko Vidodonun tapşırığına əsasən Xüsusi Məsələlər üzrə nazir Tri Rismaharini fəlakətin baş verdiyi Qərbi Sulavesi əyalətinə gedib.

İnformasiya vasitələrinin məlumatına görə, Qərbi Sulavesi əyalətində 2 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakət nəticəsində yerli qubernatorun ofisi yerləşən bina və otel də daxil olmaqla 60-dan çox tikili dağılıb. Yeraltı təkanlar bəzi yerlərdə torpaq sürüşmələrinə də səbəb olub.

Mamucu şəhərində yerləşən beşmərtəbəli xəstəxananın binasının uçması nəticəsində 10-dək insanın dağıntılar altında qaldığı da bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed