Şrift:
ATƏT sədrinin təəccüblü Qarabağ bəyanatının niyyəti - münaqişə hələ tamamilə aradan qalxmayıb?..
17.01.2021 [12:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onlar ATƏT-in Minsk Qrupu formatını yenidən diriltməyə çalışırlar”

ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin təşkilata sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib ki, müasir dövrdə iqlim dəyişikliyindən kibertəhlükəsizlik, pandemiyaya qədər yeni çağırışlar, böhranlar və təhdidlər meydana çıxıb: “Lakin ATƏT-in və ona üzv ölkələrin öhdəlikləri toxunulmaz olaraq qalır. İsveç əmindir ki, çoxtərəfli əməkdaşlıq ümumi problemlərimizi həll etməyin ən yaxşı yoludur. ATƏT-ə sədrlik vəzifəsini məhz bu düşüncə və təcrübə ilə öz üzərimizə götürürük.

ATƏT-in real dəyişikliklər edə bilməsi, prinsiplərini müdafiə etməsi üçün öz üzərimə düşəni edəcəyəm. Bunu bütün iştirakçı dövlətləri təmsil edən vicdanlı vasitəçi olaraq edəcəyəm və ümumi razılaşdırılmış prinsiplərimizin pozulmasını aşkar etməkdən çəkinməyəcəyəm".

A. Linde çıxışında deyib ki, İsveçin 2021-ci ildə ATƏT-ə sədrliyi dövründə əsas prioriteti regiondakı münaqişələrin həllinə töhfə verməkdir:

"Münaqişələrin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər qəbuledilməzdir. Regionumuzdakı münaqişələrin həlli gündəliyimizin əsasını təşkil edir. Biz hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləyərək münaqişələri həll etməyə, gələcək böhranlardan çəkinməyə çalışacağıq. Siyasi və iqtisadi təhlükəsizlik, insan haqları, demokratiya, qanunun aliliyi, bərabərlik - bütün bunlar bir-biri ilə bağlıdır.

Münaqişələrin həlli ATƏT-ə sədrlik edəcək İsveç üçün güclü prioritetdir. Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin baş verməsi, ağır insani tələfat, insanların əziyyət çəkməsi münaqişələrin həll edilmədiyi zaman meydana çıxan risqləri açıq şəkildə ortaya qoydu”.

ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib ki, münaqişə hələ tamamilə aradan qalxmayıb və belə olan halda ATƏT münaqişənin həllinə töhfə verə bilər: "Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik. İndi sədr kimi rolum etimadı və təhlükəsizliyi artıra biləcək addımları dəstəkləmək və bu addımların atılmasına imkan yaratmaq olacaq. Bunu edərkən heç bir maneə yaratmayacağam. Söhbət öhdəliklərimizdən, təhlükəsizliyimizdən və ATƏT-dən gedir".

Göründüyü kimi, ATƏT-in yeni sədri münaqişənin hələ tam həll edilmədiyini və qurumun bu yöndə fəaliyyətlərini davam etdirəcəyini söyləyib. Yeni ATƏT sədrinin bu açıqlamasını necə qəbul etmək olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa, ABŞ və hətta Paşinyanın verdiyi son bəyanatların da kökündə ATƏT-i yenidən prosesə qaytarmaq cəhdləri durur: “Bütün bu proseslər eyni mərkəzdən idarə olunur. Birincisi, bunun kökündə Rusiyaya qarşı olan davranış durur. Çünki Rusiyanın son fəallığı və təşəbbüsü tək ələ alması, bunun da nəticəsində öz sülhməramlılarını Qarabağa yerləşdirməsi kiməsə sərf etmir. Qafqaz uğrunda savaşda Rusiyanın bir addım önə keçməsi kiməsə sərf etmir. İkinci detal isə yeni iqtisadi şərtlərin yaranması ilə bağlıdır. Artıq Orta Asiyanı Avropa ilə birləşdirən enerji marşrutları ilə bağlı yeniliklər meyadana çıxıb. Xüsusilə də Türkiyənin bir qədər irəli çıxması həmin dairələri narahat edir. Türkiyənin başqa ölkələri kənara qoyaraq Rusiyanın dəstəyilə bu uğurlara imza atmasını da qəbul etmirlər. Onlar düşünür ki, başqa çoğrafiyalarda irəliləyən Türkiyə Cənubi Qafqazda da onları kənarda qoyacaq. Bu təzyiqlər həm də Rusiya ilə Türkiyə arasındakı ortaq layihələrə zərər verməyə hesablanıb. Eyni zamanda düşünürlər ki, 6 tərəfli format işə düşəndən sonra İran da burada yer alacaq. Bu səbəbdən də onlar ATƏT-in Minsk Qrupu formatını yenidən diriltməyə çalışırlar”.

Partiya sədrinin sözlərinə görə, hazırda qalib tərəf kimi şərtləri Azərbaycan diqtə edir: “ Biz hərbi qələbə qazanmışıq. Qarabağın heç bir statusundan söhbət gedə bilməz. Hazırda biz müharibənin bəzi fəsadlarını aradan qaldırmaqla məşğuluq. Bizə kiminsə vasitəçi adı ilə prosesi yenidən başlatmaq layihələri lazım deyil. Azərbaycan hökuməti özü bildiyi kimi davranacaq”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed