Şrift:
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19.01.2021 [11:04] - Xəbərlər, Bildiriş
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən daxil olan məlumatda bildirilir ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir.

Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 millimetrdən, yük avtomobillərində 1 millimetrdən, avtobuslarda 2 millimetrdən, motosiklet və mopedlərdə isə 0,8 millimetrdən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Eyni zamanda, yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarəetmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed