Şrift:
Tehranda 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib
20.01.2021 [19:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov 20 Yanvar hadisələrinin siyasi nəticələrindən danışıb. Nəzərə çatdırılıb ki, Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

Diplomat qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri separatçılığa etirazlarını bildirən dinc əhalini atəşə tutdu. Həmin gecə Bakıda sovet əsgərləri tərəfindən 147 nəfər qətlə yetirildi, 744 nəfər isə yaralandı. Ümummilli lider Heydər Əliyev həmin günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu cinayətə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir.

Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 1990-cı ilin Qanlı Yanvar hadisələri yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.

Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.

Bünyad Hüseynov bildirib ki, 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın işğal altında qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi bir daha göstərdi ki, 20 Yanvarda şəhid olan vətən oğullarının qanı yerdə qalmadı.

Sonra hərbi attaşe, polkovnik Elvin Qasımov və səfirliyin müşaviri Xəyyam Daşdəmirov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində mühüm yer tutduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki, səfirlik tərəfindən fars və ingilis dillərində hazırlanmış “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” başlıqlı press-reliz, Azərbaycanın Xarici İşlər Nazirliyinin və ombudsmanın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatları və bu faciəni əks etdirən fotolar səfirliyin internet resurslarında yerləşdirilib, eləcə də İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və yerli KİV-lərə göndərilib.

Həmçinin İranın “Tasnim news”, “Khabarban.com”, “Ghatreh.com”, “Qafqaz.ir” və digər saytlarında 20 Yanvar hadisələri barədə materiallar dərc edilib.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed