Şrift:
Əlcəzair KİV-lərində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
20.01.2021 [19:18] - Gündəm, Bildiriş
Əlcəzairin “Əş-Şuruq” qəzetində və “Dazyerinfo” informasiya portalında Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili İlham Əliyevin 20 Yanvar faciəsindən bəhs edən geniş məqaləsi dərc edilib.

Məqalədə xalqımızın azadlıq və müstəqillik əzmini məhv etmək istəyən sovet rejiminin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı cinayət törətdiyi qeyd olunur. Diqqətə çatdırılır ki, həmin gecə sovet ordusu Azərbaycan paytaxtında dinc insanlara atəş açıb, yüzlərlə günahsız sakini, o cümlədən qadın və uşaqları qətlə yetirib və yaralayıb.

Müəllif vurğulayıb ki, Azərbaycan xalqı həmin ağır günlərdə ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu dəhşətli cinayəti törədənlərin və onun təşkilatçılarının cəzalandırılmasını tələb etməsini heç bir zaman unutmayacaq. Məhz bu bəyanat Qanlı Yanvar hadisələrinə verilən ilk siyasi qiymət idi. Lakin bu faciə xalqımızın iradəsini sındıra, onun azadlıq və müstəqillik əzmini yox edə bilmədi, əksinə, cəmiyyətin bütün təbəqələrinin daha sıx birləşməsinə səbəb oldu. Həmin hadisələrin kulminasiya nöqtəsi isə 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini elan etməsidir.

Müəllif qeyd edir ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra siyasi-iqtisadi sahələrdə böyük uğurlar əldə edib, xarici sərmayələr üçün ən əlverişli ölkələrdən birinə çevrilib. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və region ölkələri üçün ən mühüm tərəfdaşdır.

Müstəqilliyinin ilk illərində Ermənistanın hərbi təcavüzü ilə qarşı-qarşıya qalan Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunduğunu diqqətə çatdıran müəllif qeyd edib ki, ötən il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatından sonra öz torpaqlarını azad etmək üçün Vətən müharibəsi aparan Ordumuz 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad edib və ölkəmizin beynəlxalq miqyasda tanınan ərazi bütövlüyü bərpa olunub.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed