Şrift:
Fərəc Quliyev Ənvər Börüsoyun vəfatı ilə bağlı başsağlığı verib
29.01.2021 [01:10] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev partiyadaşı, tanınmış Türk millətçisi Ənvər Börüsoyun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:

“Əsl ziyalı, böyük düşüncə adamı, tanınmış Türk millətçisi, Bütöv Azərbaycan və Turan fədaisi, uzun müddət Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbərliyində çalışmış, ideyadaşımız və partiyadaşımız Ənvər Börüsoyun vəfatı bizi dərindən sarsıtdı.
Hələ sovet imperiyasından azad olmağa çalışan xalqımızda milli məfkurənin formalaşmasında böyük xidmətləri olan Ənvər Börüsoy Milli Azadlıq Hərəkatının fədailərindən və tanınmış simalarından biri idi. Ömrünün sonuna qədər də milli ideologiya və maarifləndirmə işi aparan Ənvər bəyin fəaliyyəti dövlətimizin sərhədləri daxilində məhdudlaşmır, Turan coğrafiyasının ən ucqar guşələrinə qədər uzanırdı. Ən böyük arzusu Bütöv Azərbaycanı və Türk Birliyini görmək idi.
Millətinə, vətəninə xidmətdən zövq alan bu fikir adamı ictimai-siyasi, ideloji və təşkilatı işlərdəki qədər də uğurlu jurnalist, publisist, sənətşünas idi. Yüksək nəzakət və nəcibliyə sahib bir insan kimi onu tanıyanların sevimlisi idi. Bütün bu keyfiyyətləri ilə o MDHP-də də daim böyük hörmətə, sayqıya sahib olub.
Belə bir insanın bu dünyadan köçməsi bir millətin itgisidi. Bu ağır itgi ilə bağlı MDHP olaraq millətimizə, xalqımıza və Ənvər bəyi sevən hər kəsə dərin hüzünlə başsağlığı veririk. Allah onun bütün doğmalarına səbr versin.
Allahdan mərhuma rəhmət diləyirik. Məkanı Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed