Şrift:
Ağdamda düşmənin atəşi nəticəsində dağılmış evlər yenidən tikilir
29.01.2021 [11:32] - Xəbərlər, İqtisadiyyat
Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Ağdam rayonunda da mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Bir neçə gündür ki, digər cəbhəyanı rayonlarda olduğu kimi, Ağdamda da mülki əhaliyə məxsus fərdi evlərin tikintisi və bərpasına başlanılıb. Bərpa və təmir-tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.

Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrində, ümumilikdə, 1500-dən çox evə, həmçinin onlarla qeyri-yaşayış sahəsi, sahibkarlıq obyekti, sosial və inzibati binalara, infrastruktura və kənd təsərrüfatına ziyan dəyib. Təmiri və bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində yeni evlərin inşası nəzərdə tutulur. Hazırda yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır və beton işləri görülür. Tikinti işləri ilə əlaqədar əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub, inşaat materialları gətirilib.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri müsbət qiymətləndirərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış Xındırıstan kənd sakini Elnur İsmayılov deyib: "Düşmənin artilleriya atəşi zamanı mərmilərdən biri də mənim evimə düşmüşdü. Ancaq buna görə məyus olmadım. Əsas odur ki, torpaqlarımız işğaldan azad edildi. Evimiz 3 otaq və mətbəxdən ibarət idi. İndi isə 4 otaq və mətbəxdən ibarət yeni ev tikilir. Evin layihəsindən və görülən işdən çox razıyam. Buna görə Prezidentimizə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlayıb.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed