Şrift:
İslam ölkələrində inkişaf, sabitlik və terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib
01.02.2021 [15:16] - Xəbərlər, Sosial
Ər-Riyadda İslam Ölkələri Antiterror Hərbi Koalisiyasının təşkilatçılığı ilə “İslam İnkişaf Bankının (İİB) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə sabitliyin təmin edilməsində rolu” mövzusunda simpozium keçirilib.

Tədbirdə çıxış edən koalisiyanın baş katibi, general-mayor Məhəmməd bin Səid əl-Məcidi sosial-iqtisadi sabitliyin, əhalinin rifahının terrorizmlə mübarizədə mühüm amil olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda qeyri-sabitliyin hökm sürdüyü İslam ölkələrində terror təşkilatları daha çox işsiz və sosial rifahı olmayanları öz sıralarına cəlb edirlər. Bu baxımdan iqtisadi cəhətdən güclü ölkələr və İİB həmin ölkələrdə sosial rifahın yaxşılaşdırılması və yeni iş yerlərinin açılması üzrə layihələrə dəstək verməlidir.

İİB-nin prezidenti Bəndər bin Məhəmməd Həcər qeyd edib ki, İslam ölkələrində sabitliyin, inkişafın təmini və terrorizmlə mübarizə məsələləri sıx əlaqəlidir. O əlavə edib ki, insanlar üçün layiqli həyat şəraitinin yaradılması, cəmiyyətin və dövlətin gələcəyi naminə iqtisadi tərəqqiyə nail olunması İslam dünyasında sabitliyin bərqərar olmasına mühüm töhfə olar.

Simpozium iştirakçılarına İİB-nin İslam ölkələrində sosial-iqtisadi sahədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed