Şrift:
“Azəriqaz” sayğaclarla bağlı 339 müraciəti araşdırıb
01.02.2021 [15:23] - Gündəm, İqtisadiyyat
“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının əvəzlənməsindən sonra bəzi mexaniki-elektron sayğac istifadəçilərinin sərfiyyatın çox qeydə alınması barədə müraciətlərini araşdırıb.

Birlikdən bildirilib ki, “Azəriqaz” “104 Çağrı mərkəzi”ndən verilən məlumata görə, müxtəlif internet resurslarında paylaşılan bu kimi iddialar təsdiqini tapmayıb. “104 Operativ xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, yanvar ayı ərzində “sayğacım sərfiyyatı çox qeydə alır” iddiası ilə ünvanlanan 339 müraciət ətraflı araşdırılıb: “Məlum olub ki, 256 abonent ödəniş hesabatlarını düzgün aparmayıb. Əvvəlki aylardan qalan debitor borclarını ödəmədikləri üçün onlara təqdim olunan bildirişdəki böyük məbləğləri yanlış başa düşüblər. Başqa qrup abonent 2020-ci il üçün nəzərdə tutulan hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetrlik aşağı tarifli limit həddini keçdiyindən onların ödənişləri hər kubmetrə görə 20 qəpikdən hesablanıb. Bu zaman artan rəqəmlər sayğacın sərfiyyatı çox qeydə alması kimi başa düşülüb. Digər abonentlər isə yaşadıqları fərdi yaşayış evində sayğacdan sonra qaz sızmasından xəbərsiz olub”.

X.Şimşək onu da vurğulayıb ki, belə bir durumda istifadəsində olan əvvəlcədən ödənişli sayğaclarını mexaniki-elektron sayğacla əvəz etmək istəyənlər də çoxluq təşkil edib. Bu barədə 400-dək müraciət daxil olub. Onlar mexaniki-elektron sayğacın istifadəsinin daha rahat olmasını əsas gətirərək bu ölçü qurğularına üstünlük veriblər.

Qeyd edək ki, mexaniki-elektron sayğacın sərfiyyatı düzgün qeydə almaması ilə bağlı şikayəti olan abonentlər hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-dək birliyin Metrologiya Departamentində (Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küç. 72) təşkil olunan “Açıq qapı” saatlarına qatıla bilərlər. Bu həftə keçirilən “Açıq qapı” günlərində edilən müraciətlər yoxlamadan sonra təsdiqini tapmayıb.

Əlavə olaraq bildirilir ki, Almaniyanın “Zenner” şirkətinin əvvəlcədən ödənişli sayğaclarının istismara verilməsinə başlanılıb. İddiaları əsassız olsa belə, istifadəsində olan mexaniki-elektron sayğaclardan narazılıq edən bir qisim abonentin də məmnuniyyəti üçün onlara yeni əvvəlcədən ödənişli sayğaclar təqdim olunacaq.

Xatırladaq ki, həm əvvəlcədən ödənişli, həm də mexaniki-elektron sayğaclar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi tələblərə görə 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür və yeniləri ilə əvəzlənir.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed