Şrift:
ABŞ Yaponiya ilə 5G rabitə sistemlərinin inkişafı üçün xüsusi fond yaratmağı planlaşdırır
01.02.2021 [15:27] - Xəbərlər, Sosial
ABŞ beşinci nəsil rabitə sistemlərinin (5G) hazırlanmasını və yayılmasını təmin etmək məqsədilə Yaponiyanın da qatılacağı xüsusi çoxmilli fond yaratmağı planlaşdırır. Əsas məqsəd Çin məhsullarını bazardan sıxışdırıb çıxarmaqdır.

Yaponiyanın “Yomiuri shimbun” qəzetinə istinadla xəbər verir ki, həmin fonda Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın da qatılması nəzərdə tutulur.

Fondun ümumi həcmi barədə məlumat verilməsə də, ilkin mərhələdə burada 500 milyon dollar vəsait toplanacağı gözlənilir.

Bu ərəfədə qəzet Yaponiya hökumətinin Çinin “Huawei” korporasiyasının 5G mobil sistemləri bazarından sıxışdırmaq üçün Vaşinqton və Londonla məsləhətləşmələr aparması barədə yazıb. Bildirilir ki, bu barədə ümumi razılaşma 2020-ci ilin payızında Tokionun ABŞ və Böyük Britaniyanın əlaqədar qurumları ilə apardığı müzakirələr zamanı əldə olunub. Danışıqlar zamanı ABŞ və Böyük Britaniya bazarlarında Yaponiyanın “NEC” və “Fujitsu” korporasiyalarının müvafiq avadanlığının daha geniş yer əldə etməsinə şərait yaradılmasına diqqət yetirilib.

Qeyd edək ki, qəzetin yazdığına görə, hazırda dünya bazarlarında mobil rabitə stansiyalarının avadanlığının 33 faizi Çin korporasiyasının payına düşür. İsveçin “Ericsson” və Finlandiyanın “Nokia” konsernləri müvafiq olaraq 25 və 19,9 faiz paya malikdir. Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri cəmi 1 faiz paya malikdir.

Vaşinqton və London “Huawei” korporasiyasını Çinin xüsusi orqanları ilə əlaqədə ittiham etdiklərinə görə 2027-ci ilədək bu şirkətin bütün avadanlığının mobil şəbəkələrdən çıxarılması nəzərdə tutulur. Çin tərəfi bu ittihamı rədd edir.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed