Şrift:
“Naxçıvan” Universitetində “Gənclər gələcəyimizdir” mövzusunda tədbir keçirilib
02.02.2021 [10:33] - Xəbərlər, Gənclik
“Naxçıvan” Universitetində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” mövzusunda tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının, həmçinin “Naxçıvan” Universitetinin şəhid olan ilk məzunu Orxan Paşazadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin daha bir parlaq göstəricisidir.

Vurğulanıb ki, Azərbaycanın işğalçı dövlət üzərində parlaq qələbə çaldığı Vətən müharibəsində gənclərin Ali Baş Komandan ətrafında sıx birləşərək öz canları bahasına Vətənin müdafiəsinə qalxması ölkəmizdə sağlam və vətənpərvər gəncliyin yetişdiyini bir daha göstərir.

Daha sonra “Naxçıvan” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Zakir Məmmədovun “Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gənclər siyasəti”, Mühasibat uçotu və audit ixtisasının II kurs tələbəsi Məşdin Ələkbərovun “İctimai həyatda gənc tələbələrin rolu”, İqtisadiyyat ixtisasının III kurs tələbəsi Coşqun Hüseynovun “Tələbə Elmi Cəmiyyətinin gənclərin inkişafında rolu” və Xarici dillər fakültəsinin I kurs tələbəsi Alsu Məmmədlinin “Könüllük fəaliyyəti” mövzularında çıxışları dinlənilib. Çıxışlarda ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışılıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed