Şrift:
Fərəc Quliyev: Azərbaycanla Türkmənistan arasında razılaşmanın əldə edilməsi mühüm siyasi və iqtisadi əhəmiyyəti olan tarixi hadisədir
02.02.2021 [13:18] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Xəzər dənizində “Dostluq” yatağının işlənməsi ilə bağlı Azərbaycanla Türkmənistan arasında razılaşmanın əldə edilməsi, ilk növbədə, iki ölkə arasında əlaqələrin genişlənməsinə, həmçinin regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfədir”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev bildirib ki, Azərbaycanla Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə çatdırılmasında son illərdə qarşılıqlı səfərlərin və imzalanan ikitərəfli sənədlərin də rolu olub: “Memorandumun imzalanması Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində atılan mühüm addımdır. Məlum olduğu kimi, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyətə malik olan Azərbaycanın yeni yatağın işlənməsi prosesinə qoşulması xarici tərəfdaşlarımızın da marağındadır. Bu hadisə neft və qaz ixracatçısı olan Azərbaycanın Qərb partnyorları ilə yeni strateji əməkdaşlıq perspektivlərini, həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq”.
“Enerji ehtiyatları ilə zəngin olan Türkmənistanla belə bir razılaşmanın əldə edilməsi gələcək əməkdaşlıq üçün yeni baza yaradılması baxımından da əhəmiyyət daşıyır. Eyni zamanda, iqtisadi əlaqələrin genişlənməsi Türkmənistan iqtisadiyyatının inkişafına da təkan verəcək. “Dostluq” yatağının işlənməsini Azərbaycanın qədim İpək Yolunun bərpası ilə bağlı layihələrdə yeni pozitiv impuls kimi də dəyərləndirmək olar. Regionumuz üçün siyasi əhəmiyyətinə gəlincə, Türkiyənin Naxçıvan dəhlizi vasitəsilə türk dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsinə təsir göstərəcək. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanla Türkmənistan arasında razılaşmanın əldə edilməsi mühüm siyasi və iqtisadi əhəmiyyəti olan tarixi hadisədir”, - deyə F.Quliyev bildirib.

Q.RAMAZANOV
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed