Şrift:
Separatçı Qarabağ rejiminə Moskvadan tələblər iddiası - ordu buraxılmalı, Xankəndidə 12 min azərbaycanlı, Xankəndiyə Bakının icazəsi ilə gediş…
03.02.2021 [23:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu tip yazıları Ermənistandakı daxili vəziyyəti gərginləşdirməyə hesablanan addım sayıram”

Erməni mediası yazır ki, Moskvada Araik Arutyunyan qarşısına ağır şərtlər qoyulub və bu şərtlərlə artıq Nikol Paşinyan razıdır. Onların mahiyyəti belədir:

1) Qarabağdakı müntəzəm “erməni ordusu” tam dağıdılır və yalnız bundan sonra İlham Əliyev əsirləri (dekabrda ələ keçirilən terrorçular nəzərdə tutulur) geri qaytarır;



2) Qarabağa (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur) 40 min, o cümlədən Xankəndiyə 12 min azərbaycanlı yerləşdirilir. Bununla belə, erməni əhalinin Şaumyan (Gülüstan, 1991-ci ildə ləğv edilərək Goranboy rayonuna birləşdirilib ), Şuşa, Hadruta geri dönməsi haqqında heç nə deyilməyib;

3) Məmurlar Dağlıq Qarabağa Bakıdan rəsmi icazə aldıqdan sonra gedə bilərlər.

Irəli sürülən bu versiyanı nə dərəcədə əsaslı saymaq olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məlumatların yayılmasında səmimiyyət az görünür: “Belə bir misal var: “Avazın yaxşıdır, oxuduğun Quran ola”. Yəni sadalanan müddəlaların hər biri bizim haqlarımıza aid olan məsələdir. Həmin bəndlər onsuz da yerinə yetirilməlidir. Ancaq maraqlıdır ki, ilk baxışdan Ermənistanın ziyanına olduğu görünən bu məlumatlar hansı məqsədlə sosial şəbəkələrin erməni seqmentində və onların media quruluşlarında tirajlanmalıdır? Təbiidir ki, gizli maraqlar var. Ən başlıca məqsəd Paşinyan hakimiyyətinə qarşı basqıları gücləndirməyə yönəlib ki, əldə olunan razılaşma pozulsun. Biz istəyirik ki, Xankəndi və başqa ərazilərə ermənilərlə paralel azərbaycanlı vətəndaşlarımız da yerləşsin. Orada qalan silahlı terrorçuların bölgəni tərk etməsi ilə bağlı müddəa 10 noyabr razılaşmasında var. Təəssüf ki, Rusiya sülhməramlıları bunu etməyiblər. Türkiyəyə aid müşahidəçilər də bölgəyə gələndən sonra bu addımları atmağa məcburdurlar. Biz bir an da olsun ictimai nəzarəti buraxmamalıyıq. Gəlin, qiyməti bu başdan biz verməyək. Sonunu gözləyək, görək nə edirlər”.

Partiya sədrinin sözlərinə görə, o, Moskvanın belə konkret tələblər qoyduğuna inanmır: “Bu tip yazıları Ermənistandakı daxili vəziyyəti gərginləşdirməyə hesablanan addım sayıram. Paşinyana müxalifətin etdiyi təzyiqdir”.

Məhəmmədəli QƏRİBLİ



Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed