Şrift:
Ekspert: Koronavirusun mutasiya variantlarının ortaya çıxması peyvəndlərin sürətli və ədalətli paylanılmasını daha vacib edir
05.02.2021 [12:29] - Xəbərlər, Sağlıq
Son zamanlar koronavirusun sürətlə yayılan mutasiya variantlarının ortaya çıxması peyvəndlərin sürətli və ədalətli paylanılmasını daha vacib edir. Bütün dövlətlərin ilk növbədə öz səhiyyə işçilərini və yaşlı insanları vaksinasiya etməsi doğru seçimdir, ancaq son zamanlar zəngin ölkələr daha çox vaksin əldə edərək gənc, daha sağlam yetkinlərin vaksinasiyasını aparır. Bu addım yoxsul ölkələrdə vaksin çatışmazlığına, tibb işçilərinin və yaşlı insanların peyvəndlənməsi üçün lazımi qədər peyvəndin olmaması nəticəsində onların xəstələnməsinə və hətta ölümünə səbəb ola bilər. Dövlətlər başa düşməlidir ki, hər kəs üçün kifayət qədər peyvənd istehsal olunacaq. Ancaq hazırda bütün ölkələrdə ön xəttə COVID-19 virusu ilə birbaşa mübarizə aparan insanların və ağır xəstəlikləri və ölüm riski olan insanların həyatı virus təhlükəsindən xilas edilməlidir.

Bu fikirləri Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib. Ekspert xatırladıb ki, ölkələr üzrə vaksinin bərabər paylanışının təmin edilməsi üçün GAVI Alyansı, Cepheid və Ümumdünya Səhiyyə Təşkilatı COVAX təsisatını yaratdılar. Son 9 ayda paylanış üzrə xüsusi strategiyalar hazırlandı, elmi maneələr, hüquqi tənzimləyici, maddi-texniki məsələlər həll edildi. 5 istehsalçının 2 milyard dozası təhvil alındı və fevral ayında COVAX tədarükə başlayacaq. Lakin son günlərdə COVAX-ın işinə şübhə ilə yanaşanlar oldu, üzv olan dövlətlər lazım olan qədər doza ala bilməyəcəklərini və ya yüksək gəlirli ölkələrin verdikləri vədlərə əməl edib-etməyəcəklərini sorğulamağa başladılar.

“Nəticədə ilk peyvəndlər tətbiq olunmağa başlandıqda, ədalətlilik prinsipi nəzərə alınmadı. ÜST-nin məlumatına əsasən, ən azı 49 daha yüksək gəlirli ölkədə 39 milyondan çox dozada peyvənd tətbiq edildiyi halda, ən az gəlirli bir ölkədə hələ yalnız 25 doza qəbul edilmişdir.

Bəzi ölkələr və şirkətlər ikili müqavilələrə üstünlük verməyə davam edir, keçən il 44 ikitərəfli müqavilə imzalanmışdı və bu il də ən azı 12 müqavilə imzalanmışdır. Əksər istehsalçıların öz dozalarını və sənədlərini təsdiq almaq üçün ÜST-nə təqdim etmək əvəzinə mənfəətinin daha yüksək olduğu zəngin ölkələrlə birbaşa əməkdaşlığa üstünlük verməsi vəziyyəti daha da çətinləşdirir,” - deyən Pərvanə Vəliyeva hesab edir ki,

bu cür yanaşma dünyanın ən kasıb və həssas qruplarından olan insanlarının sağlamlığını risk altına atmaqla yanaşı, sistem özü-özünü məğlub edə bilər.

Hava-damcı yolu ilə ötürülən xəstəliklər sərhəd tanımır, buna görə də dünyadakı son insan qorunmayanadək heç kəs qorunmuş hesab oluna bilməz. Peyvəndlərin bərabər paylanışı sadəcə mənəvi vacib deyil, strateji və iqtisadi vacib məsələdir.

Beynəlxalq Ticarət Palatası Araşdırma Fondu peyvəndlərin bərabərsizliklə bölüşdürülməsinin nəticələri ilə bağlı iqtisadi araşdırma aparıb. Belə ki, vaksin “millətçiliyinə” son qoyulmazsa, bu, dünya iqtisadiyyatına 9,2 trilyon ABŞ dolları dəyərində ziyan vuracaq və bunun təxminən yarısının - 4,5 trilyon ABŞ dollarının - ən zəngin iqtisadiyyatların payına düşəcəyi qeyd olunur. ÜST ədalətsiz vaksin bölgüsünün COVID-19-dan ölümlərin sayını iki qat artıracağını bildirir.

Əfsuslar olsun ki, dövlətlər yüksək səviyyəli görüşlər zamanı hər zaman həmrəylik, birlik, bərabərlik, “heç kim kənarda qalmasın” prinsipini qəbul edib, öhdəlik götürsələr də, reallıqda bunun əksi baş verir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayıb, bütün ölkələri bu bəlaya qarşı mübarizədə həmrəyliyə çağırıb.

Azərbaycan dünyadakı “ədalətsiz vaksin bölgüsü”nə qarşıdır. Çünki Azərbaycan dövləti mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşmış, birliyi, həmrəyliyi və humanizmi təbliğ və tərənnüm etmişdir. Zəngin Qərb dövlətlərinin dünyaya vaksin ədalətsizliyi nümayiş etdirməsi, digər insanların həyatını təhlükə altında saxlamasına ölkə olaraq səssiz qala bilməzdik. Çünki 44 günlük Böyük Vətən müharibəsində Azərbaycana insan hüquqları və humanizm dərsi keçmək istəyən qərb dövlətləri ədalətsiz vaksin bölgüsünə imza atmaqla “sinifdə qaldılar”.

Dövlətimiz pandemiya ilə mübarizədə ilk günlərdən doğru və vaxtında addımlar ataraq, əhalinin sağlamlığının maksimum səviyyədə qorunması üçün digər ölkələrə nümunə olacaq tədbirlər görmüşdü. Bütün dünyanı bürüyən pandemiyanın təsiri payız aylarında daha ağır olsa da, karantin tədbirlərinin mərhələli şəkildə tətbiqi nəticəsində bu gün artıq yoluxma saylarında əhəmiyyətli azalma müşahidə olunur.

Ön cəbhədə olan tibb işçilərimizin və xəstələnərsə ölüm riski yüksək olacaq insanların ilk növbədə qorunması, sonrakı mərhələdə isə hüquq-mühafizə orqanlarının heyətinin, müəllimlərin peyvəndlənməsi prosesinin başlanması ilə ölkəmizdə yoluxma zəncirinin ciddi şəkildə qırılacağına ümid edirik.

Vaksinlərin bölüşdürülməsi prosesinin müəyyən vaxt tələb etməsi və sifarişlərin hissə-hissə ölkəmizə daxil olmasını nəzərə alaraq, bu mərhələdə arxayınlaşmaq olmaz. Peyvəndlərin paylanışı 2021-ci il boyunca davam edəcək və dünya bir anda sosial təcrid tədbirlərinə son qoya bilməyəcək. Çünki hər kəs qorunmayınca, heç kəs qorunmuş hesab oluna bilməz. Hər gün virusa yoluxma halları, hətta yenidən yoluxma halları da qeydə alınır. Virusun yeni variantları da artıq aşkar olunub. Bu səbəbdən, yaxın keçmişdən öyrənilmiş dərsləri nəzərə alaraq, qeyri-müəyyən vaxtadək fərdi qorunma vasitələrindən istifadəyə davam etməli; maska taxmalı, digər insanlarla aramızda fiziki ara məsafəsi saxlamalıyıq, əllərimizi təmiz saxlamalıyıq.

İctimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva hesab edir ki, insanlar vaksindən qorxmamalıdır. “Hər kəs bu prosesdə iştirak edərək yalnız özlərini deyil, ailə üzvlərini, yaxınlarını və cəmiyyətimizi bu bəladan qurtarmağa könüllü olmalıdır. Bir halda ki, vaksinlərin əldə edilməsi uğrunda dünya ölkələri arasında “soyuq savaş” gedir, deməli qurtuluş yolumuz vaksindir. Qlobal dünyanın bəlasına çevrilən pandemiyaya son qoymaq üçün, normal həyata qayıdış üçün yeganə çıxış yolu indiki halda yalnız peyvənddir. Peyvənd elmin məhsuludur, hər il yer üzündə milyardlarla uşaq və yeniyetmə peyvənd olunur və nəticədə bir çox yoluxucu xəstəliklər getdikcə tarixə qovuşur və nadir hallarda kütləvi yoluxma hallarına rast gəlinir. Ölkəmizdə də valideynlər övladlarını kiçik yaşlardan peyvənd etdirirlər, çünki cəmiyyətdə peyvəndlərə inam illərlə formalaşıb. Düşünürəm ki, insanlar əyani şəkildə COVID-19-a qarşı vaksinin nailiyyətlərini gördükcə, ona inam daha da artacaq və bu proses rutin immunoprofilaktika tədbiri kimi qəbul ediləcək,” – deyə ekspert fikirlərini tamamlayıb.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed