Şrift:
Qarabağda vəziyyət sürətlə rəsmi Bakının xeyrinə dəyişir
09.02.2021 [16:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Rusiya sülhməramlılarının fəaliyyətinin ölkə ictimaiyyətinin nəzarətində olması öz effektini verir"

"Paşinyanın və rus generalın ümumən dedikləri kimi Qarabağa səfər edən hər şəxs mütləq rəsmi Bakıdan icazə almalıdır"

Erməni mediasının yazdığına görə, bir neçə gün əvvəl keçmiş fransalı merin rəhbərliyi ilə bir qrup əcnəbi jurnalist və ictimai xadim Qarabağa getmək məqsədi ilə Ermənistana səfər ediblər. Yerevanda rəsmi şəkildə akkreditə olunan fransızlar Xankəndiyə yola düşüblər. Lakin Rusiya sülhməramlıları onları Laçın dəhlizində saxlayıb və Azərbaycana buraxmayıblar. Jurnalistlər akkreditasiyalarını göstərib, israrla Qarabağa getmək istədiklərini söyləsələr də, sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər.

Vurğulayıblar ki, əgər getmək istəyirlərsə, mütləq Azərbaycanda akkreditasiyadan keçməlidirlər. Çarəsiz vəziyyətdə qalan nümayəndə heyəti Yerevana qayıdıb və Fransa səfirinə məlumat verib. Fransa səfiri Conatan Lakot isə qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradaraq nə baş verdiyini anlamağa çalışıb. Paşinyan yanvarın 11-də Moskvada beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməsi barədə razılıq əldə olunduğunu bildirib. Baş nazir ümumiyyətlə səfirə bu məsələyə qarışmamağın daha yaxşı olacağını söyləyib.

Vəzifəyə başladıqları gündən etibarən Rusiya sülhməramlıları ilə bağlı ardıcıl xoşa gəlməyən xəbərlər gəlsə də, göründüyü kimi, artıq sülhməramlılar da bölgədəki mövcud reallıqla barışmaq məcburiyyətində qalıblar. Dövlət başçısı İlham Əliyevin Qarabağa qanunsuz səfərlərlə bağlı Yerevana və rus sülhməramlılarına sərt xəbərdarlığından, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra hadisələr rəsmi Bakının xeyrinə sürətlə dəyişməkdədir. Azərbaycan ikinci cəbhəni diplomatiya platformasında açıb və zamanla öz maraqlarını təmin edir. Şübhə yox ki, yaxın günlərdə Xankəndinə, Xocalıya və Xocavəndə tam nəzarəti bərpa edəcəyik.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyətinin ölkə ictimaiyyətinin nəzarətində olması öz effektini verir. Partiya rəhbəri xatırladıb ki, bir müddət əvvəl sülhməramlılar tərəfindən yayılmış qondarma “xəritə” məhz ciddi etiraz səbəbindən dərhal dəyişdirildi:

“Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfərinə Prezident İlham Əliyev sərt reaksiya verdi və Yerevana xəbərdarlıq etdi. Dövlət başçısı vurğuladı ki, ilk xəbərdarlıq XİN səviyyəsindədir, amma sonrakı addımımız başqa tərzdə olacaq. Yəni Prezident hərbi ritorika ilə ermənilərə cavab verdi. Əlbəttə, bu, Qarabağa qanunsuz səfərlərlə bağlı çox ciddi mövqe və mesaj idi. Azərbaycan ictimaiyyətinin də münasibəti ölkə rəhbərinin mövqeyi ilə eynidir. Həmişə bildirmişəm ki, Prezident milli iradəni ifadə edən bir personadır. Biz 44 günlük müharibədə və sonrakı proseslərdə gördük ki, cənab Prezident hər mənada istiqlalçı kəsimin lideri kimi çıxış edir. Dövlət başçısı müstəqillik və suverenlik kimi həssas məsələlərdə daim xalqın arzuladığı addımları atır. Bu çox mühüm məsələdir”.

F.Quliyev vurğulayıb ki, ölkə rəhbərinin qətiyyətli mövqeyini qarşı tərəf də yaxşı görür və düzgün dəyərləndirir:

“Azərbaycan cəmiyyətində açıq narahatlıq var idi ki, sülhməramlıların sonrakı davranışı necə olacaq. Düzdür, hər zaman deyirdik ki, narahatlığa əsas yoxdur, Türkiyə hərbçiləri bölgəyə gəldikdən sonra vəziyyət dəyişəcək və sülhməramlıların fəaliyyətinə nəzarət güclənəcək. Rus sülhməramlıların Fransa təmsilçilərini torpaqlarımıza buraxmaması və geri qaytarması mövqelərimizlə üst-üstə düşür. Doğrudur, sülhməramlıların başçısı, general Rüstəm Muradovun ifadələrində belə bir fikir var idi ki, “Laçın dəhlizi ilə bölgəyə sadəcə ruslar və ermənilər gedə bilərlər”. Muradov diplomat deyil, hərbçidir, ola bilsin, özünü tam ifadə edə bilməyib. Hər halda Baş nazir Nikol Paşinyanın və rus generalın ümumən dedikləri kimi Qarabağa səfər edən hər şəxs mütləq rəsmi Bakıdan icazə almalıdır. Qarabağda doğulan ermənilərin Laçın dəhlizindən keçidinə şərait yaradılır. Sərbəst şəkildə Ermənistandakı qohum-əqrəbalarının yanına gedib-gələ bilirlər. Ermənistan doğumlu erməninin, yaxud Rusiya vətəndaşının Qarabağa gəlişi isə hökumətimizin rəsmi icazəsi ilə mümkündür. Bu həqiqəti general Muradov da dərk etməlidir. Paşinyanın etirafları göstərir ki, baş nazir daha praqmatik siyasət yeritməkdə maraqlıdır. Həm də onun ifadələri dolayı yolla Azərbaycanın ərazi bütövlününü tanınması deməkdir.

Qarabağda vəziyyət durulur. Durum tədricən sabitləşəndən sonra ermənilərin yaşadığı Azərbaycan ərazilərində birmənalı şəkildə rəsmi Bakının mülki idarəetmə sistemi tətbiq olunacaq. Hər kəs bununla razılaşmalıdır”.

İsmayıl Qocayev
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed