Şrift:
Azərbaycanda 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb
17.02.2021 [11:16] - Xəbərlər, Sosial
Bu gün səhər saatlarından Azərbaycanda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, fevralın 17-də 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılıb.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed