Şrift:
Soyuqqanlı yanaşaq ! - “Araik bizə minalı ərazilərin xəritəsini verə bilər”
17.02.2021 [12:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu günlərdə Ermənistan tərəfi xəbər yaydı ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib. Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyi açıqlanmayıb.

Rəsmi Bakıdan isə bu görüşlə bağlı hələlik məlumat verilməyib. Hərçənd xəbər sosial şəbəkələrdə və ekspertlər arasında müəyyən ajiotaja səbəb olub. Bir çoxları bu görüşü “separatçıların lideri ilə rəsmi danışıqların başlanması” kimi yozublar. Yaxud Azərbaycan hüquq-mühafizə orqanlarının Araik Arutyunyanı axtarışa verdiyi halda onunla görüş faktının nə məna daşıdığı haqda suallar səslənir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev məlum görüş barədə fikirlərini “Sherg.az”la bölüşərkən söylədi ki, məsələyə soyuqqanlı yanaşmaq lazımdır:


“Əgər görüş barədə yayılan informasiya dəqiqdirsə, bunu faciəyə çevirməyə ehtiyac yoxdur. İndi nə qondarma respublika var, nə də status.
Deməli, Araik Arutunyan heç bir qurumun rəhbəri deyil. O, sadəcə terrorçuların başçıdıdır. Törətdiyi cinayətlərə görə həmin adam barəsində qanunvericiliyin 8 maddəsi ilə iş açılıb. Yəni Araik törətdiyi əməllərə görə məsuliyyət daşıyır. İndi bizə lazım olan törədilən cinayətlərin nəticələrini aradan qaldırmaqdır. Arutyunyan regiondakı PKK, ASALA terrorçularını, erməni silahlı qüvvələrinin “tör-töküntülərini” yaxşı tanıyır, onların harada olduğunu bilir. Həmçinin o, bizə minaların basdırıldığı ərazilərin xəritəsini də verə bilər. Azərbaycan Qanunvericiliyinə görə, cinayətkar cinayətlərin üstünün açılmasına kömək edərsə, onun haqqında müəyyən güzəştlərin olması mümkündür. Yəni Araik də bunları nəzərə alıb cinayətlərinin nəticələrinin aradan qaldırılmasına yardımçı ola bilər”.

Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed