Şrift:
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05.03.2021 [11:05] - Xəbərlər, Sosial
Martın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Bu, Azərbaycanın 1992-ci ildə BMT-yə üzv olmasından sonra imzaladığımız sayca beşinci tərəfdaşlıq sənədidir.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai deyib. Diplomat bildirib ki, yeni çərçivə sənədinin hazırlanması Azərbaycanın COVID-19 pandemiyası və son münaqişədən sonra bərpa prosesləri kimi sınaqlarla üzləşdiyi mürəkkəb və qeyri-adi bir mühitə təsadüf edib. O, hesab edir ki, 2021-2025-ci illər arasında əməkdaşlıq üçün sahələrin təyin edilməsi məqsədilə hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və digər maraqlı tərəflərlə uzun və inklüziv məsləhətləşmə prosesinə ehtiyac var idi.

Yeni əməkdaşlıq çərçivə sənədinə daxil olan məsələlərdən danışan Qulam M. İshaqzai deyib: “Bu məsləhətləşmələr Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üçün ənənəvi yanaşmalardan uzaqlaşmağın və transformasiya nəticələrinə doğru addımlamağın əhəmiyyətini nümayiş etdirib. Ölkə üçün xüsusilə vacib məqamda azərbaycanlıların möhtəşəm dayanıqlıq nümayiş etdirməsinə baxmayaraq, cəmiyyətin müxtəlif təbəqələri işlərini itirmək, təhsildən uzaqlaşmaq və zəruri dövlət və sosial xidmətlərdən istifadə imkanlarından mərhum olmaq təhlükəsi ilə üzləşiblər. Sözügedən iki böhran, eyni zamanda, təbii ehtiyatlara olan tələbatı artırıb və Azərbaycanın iqlim dəyişikliyinə qarşı əvvəlki səylərini sınağa çəkib.

Bu çətinliklərin öhdəsindən gəlmək və yeni Baxış 2030 sənədində öz əksini tapan Azərbaycanın sosial-iqtisadi inkişafa dair milli prioritetlərini dəstəkləmək üçün BMT və Azərbaycan hökuməti birgə fəaliyyət üçün dörd əsas prioritet istiqamətə dair razılıq əldə ediblər: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; və qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət.

Birinci prioritet sahədə iqtisadi iştirak və işləmək hüququnun reallaşması üçün bərabər imkanları inkişaf etdirəcəyik. Əmək bazarlarının işgüzar innovasiyaları mənimsəməsini və xüsusilə də gənclər arasında ölkənin güclü insan kapitalından maksimum istifadəsini təmin etmək məqsədilə Azərbaycanla yaxından əməkdaşlıq edəcəyik. 2025-ci ilədək biz ölkə iqtisadiyyatının innovatorlar tərəfindən idarə olunduğu, həssaslıq səviyyəsinin azaldığı və yaşayış səviyyəsinin qorunduğu mühit yaratmış olacağıq. İqtisadi artımın dayanıqlı və şaxələndirilmiş olmasını, eləcə də ölkəni 17 Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq məcrasında saxlamaq üçün hökumətlə birgə fəaliyyətlər həyata keçirəcəyik.

Təhsil, səhiyyə, eləcə də məlumata və ədalət mühakiməsinə çıxış sahələrində dövlət və sosial xidmətlərin göstərilməsi üçün daha güclü təsisatların qurulmasında hökumətə dəstək ikinci prioritet sahəsinin əsas hədəfidir. Buna nail olmaq üçün həssas qrupların sosial müdafiə ilə təmin edilməsinə və onların son böhranların uzunmüddətli sosial-iqtisadi təsirlərinə qarşı daha dayanıqlı olmasına imkan verən bir şəkildə əsas xidmətlərin göstərilməsini dəstəkləyəcəyik. İKT infrastrukturu ilə bağlı biliklərin daha geniş yayılmasına və ona çıxışın təmin olunmasına, elektron idarəetmənin təşviqinə, habelə dövlət və sosial xidmətlərin onlayn və əlçatan olmasına sərmayə yatıracağıq.

Üçüncü prioritet sahə ekoloji cəhətdən düşünülmüş iqtisadi bərpa prosesinə nail olmağı hədəfləyir. Azərbaycanın DİM-lərə nail olmasına kömək edə biləcək uzunmüddətli bərpa prosesi enerji təhlükəsizliyi və ətraf mühitin qorunması arasında tarazlığı təmin etməlidir. BMT məhsulların faydalı ömrünü qoruyan və uzadan, tullantı kütləsini ikinci dərəcəli mənbə kimi istifadə edən, resurslardan istifadəni yaxından izləyən və optimallaşdıran dairəvi iqtisadiyyata keçidi dəstəkləyəcək.

Dördüncü prioritet sahə məqsədi qadın və qızları siyasi, iqtisadi və sosial sahələrdə səlahiyyətləndirən gender bərabərliyinə malik cəmiyyətin qurulmasıdır. Gender bərabərliyi amili bütün prioritet sahələrə şamil olunsa belə, tərəfdaşlıq sazişimiz bərabərsizliyin kökündə duran səbəblərin aradan qaldırılmasını, habelə qadın və qızların həyatlarına təsir edən qərarlarda onların tam iştirakını təşviq etmək üçün siyasətdə və təcrübədə konkret dəyişikliklərin tətbiqini təklif edir. Bu sahə üzrə fəaliyyətimiz xüsusən kiçik icmalarda və münaqişənin təsirinə məruz qalan qadın və qızların iqtisadi və siyasi sahələrdə lider mövqelərinə çatmaqlarını gücləndirən yeni bacarıqlara yiyələnməsi üçün əlavə səylər göstəriləcək.

Sözügedən hədəflər kifayət qədər iddialıdır. Digər tərəfdən, Fəaliyyət Dekadasında qeyd olunan problemləri həll etmək və 2030-cu ilə kimi DİM-lərə nail olmaq üçün cəmiyyətin bütün səviyyələrində fəaliyyətlərin sürətlənməsi və resursların səfərbər olunmasına ehtiyac var. Tələb olunan transformasiyaya aparan çox güclü hərəkatı yaratmaq üçün siyasətdə, büdcədə, təsisatlarda, habelə hökumətlər, şəhərlər və yerli icra strukturlarının normativ bazalarında, eləcə də gənclər, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, özəl sektor və akademik dairələr də daxil olmaqla hər kəsin fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş verməlidir.

Biz insanlara və dayanıqlı həll yollarına, eləcə də cəmiyyətdəki həssas zümrənin ehtiyaclarına cavab verən qurumlara investisiya yatıran strategiyanı icra edəcəyik. DİM-lərə və insan kapitalının inkişafına əsaslanan gündəliyə ortaq öhdəliyimizi əks etdirmək, heç kimin kənarda qalmaması və inkişafa hüquqlara əsaslanan yanaşma tətbiq etmək bu sənədin əsas şərtləridir.

Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək. Münaqişə və pandemiyadan uzunmüddətli bərpa prosesi kifayət qədər geniş miqyaslıdır, lakin imzaladığımız birgə sənəddə artıq gələcək uğurlarımızın toxumları əkilib”.
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed