Şrift:
Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində mübarizəyə başlayıblar
05.03.2021 [11:08] - Gündəm, İdman
Azərbaycan cüdoçuları martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürən “Böyük dəbilqə” turnirində mübarizəyə başlayıblar. Turnirin birinci günündə altı cüdoçumuz çıxış edir.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov ilk qarşılaşmalarda Ayub Bliyev və Cənubi Koreyadan olan Harim Lini məğlub edib. O, səkkizdəbir finalda türkiyəli Mirac Akkuş ilə üz-üzə gələcək.

Həmin çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə isə ilk görüşdə Morits Plafkinə (Almaniya) qalib gəlib. O, növbəti qarşılaşmasını yerli idmançı Kemran Nurullayevə qarşı keçirəcək.

Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) bolqarıstanlı Bojidar Temelkovla qarşılaşacaq. Eyni çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov finlandiyalı Lukas Saha ilə qarşılaşmada məğlub olub.

Qadın cüdoçularımızdan Leyla Əliyeva (48 kq) yerli idmançı Gülnur Muratbəyova üzərində qələbə qazanıb. Növbəti mərhələdə onun rəqibi serbiyalı Milisa Nikolis olacaq. Həmin çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə ilk görüşdə özbəkistanlı Halimocon Qurbanova ilə qarşılaşacaq.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır. Yarışda ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed