Şrift:
Astarada salınan Zəfər parkında işlər yekunlaşmaq üzrədir
12.03.2021 [11:33] - Gündəm, Hərb
Astarada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə Zəfər parkı salınır. İlin əvvəlindən başlanan işlər yekunlaşmaq üzrədir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda işğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə 124 astaralı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onlardan 41 nəfəri Vətən müharibəsində həlak olub.

Hazırda Vətənin igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər parkı inşa edilir. Astara şəhərinin Heydər Əliyev prospektində inşa edilən parkın ərazisi 1400 kvadratmetrdir. Artıq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, yerə üzlük və tamet daşlar döşənir. Ərazidə həmişəyaşıl ağaclar, bəzək kolları və güllər əkiləcək. Parkın mərkəzində Vətən müharibəsində bizə Zəfər qazandıran qalib Azərbaycan əsgərinin şərəfinə abidə ucaldılacaq.

Bu barədə danışan iş icraçısı Xanlar Məmmədov bildirib ki, Ali Baş Komandanın rəhbərliyi və şanlı ordumuzun qüdrəti sayəsində Qarabağımız işğaldan azad olundu. Bu qələbənin şərəfinə Astara rayonunda Zəfər parkı inşa edilir. “Zəfər parkının tikintisinə bu ilin yanvar ayında başlanılıb. Parkı mart ayının axırı - aprel ayının əvvəlində təhvil verməyi qarşıya məqsəd qoymuşuq. Zəfər parkı Astarada hər zaman and yerimizə çevriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin”, - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed