Şrift:
Özbəkistan portalı Məşədi Cəmil Əmirov haqqında məqalə çap edib
17.03.2021 [11:08] - Gündəm, Mədəniyyət
Özbəkistanın “uchildiz.uz” xəbər portalı öz səhifəsində görkəmli tarzən Məşədi Cəmil Əmirov haqqında məqalə yerləşdirib.

Portalda Məşədi Cəmil Əmirovun həyatı, fəaliyyəti, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri haqqında ətraflı məlumat verilir.

Qeyd edilir ki, tanınmış bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada doğulub, ilk təhsilini mədrəsədə alıb, sonra musiqiyə maraq göstərib, tarzən olmaqla yanaşı həm də xanəndə, bəstəkar və dirijor kimi tanınıb.

Bildirilir ki, Məşədi Cəmil Əmirovun musiqi müəllimi məşhur musiqiçi Mir Möhsün Nəvvab olub və Şuşada musiqi məclislərinə onu da aparıb.

Getdikcə populyarlaşan Məşədi Cəmil Əmirov Şuşadan başqa Qarabağın digər yerlərinə, Gəncə, Şəki, Şirvan və digər şəhərlərdə məclislərə dəvət olunur.

Sonra Gəncəyə köçən tarzən şəhərdə keçirilən bayramlarda və müxtəlif məclislərdə Malıbəyli Həmid, Musa Şuşinski, sonralar isə Bülbül və Seyid Şuşinskini müşayiət edib. Tarzən həm də qarmon, kamança və fortepianoda məharətlə ifa edib. 1910-cu ildə Məşədi Cəmil Əmirov bir qrup musiqiçi ilə birlikdə Riqa şəhərinə dəvət olunur, “Qrammofon” firması onun ifasında bir sıra muğamı və xalq mahnısını lentə alır.

1911-ci ildə o, İstanbula gedir, orada iki il musiqi təhsili alır, notu kamil öyrənir və Azərbaycan muğamlarını nota köçürən ilk musiqiçi kimi tanınır. O, İstanbulda Avropa və Şərq bəstəkarlarının əsərləri ilə tanış olur, həm də vaxtaşırı konsertlər verir, klassik muğamlar, təsniflər, xalq mahnıları oxuyur.

Məqalədə Məşədi Cəmil Əmirov haqqında tanınmış musiqiçilərin fikirlərinə də yer verilib. Bildirilir ki, 1916-cı ildə Məşədi Cəmil Əmirov gənc xanəndə Bülbüllə birlikdə Tiflis və İrəvanda anşlaqla keçən konsertlər verir.

Qeyd olunur ki, məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə musiqişünas Firudin Şuşinskinin “Azərbaycanın xanəndələri və musiqiçiləri” kitabı əsasında hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed