Şrift:
Avropa Azərbaycan Məktəbi 2021-2022-ci tədris ili üçün şagird qəbulu elan edir
17.03.2021 [11:19] - Xəbərlər, Bildiriş
Avropa Azərbaycan Məktəbi erkən tədris mərkəzi, ibtidai və orta təhsil pillələri üzrə 2021-2022-ci tədris ili üçün şagird qəbulu elan edir.

Bu barədə Avropa Azərbaycan Məktəbindən məlumat verilib.

Bildirilib ki, məktəbə qəbul üçün eas.az saytına daxil olub https://eas.openapply.com/ səhifəsində elektron ərizə doldurulmalıdır, Qəbul müsabiqə yolu ilə aparılır. Birinci mərhələdə şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq, onlarla fərdi şəkildə onlayn müsahibə aparılır, ümumi dünyagörüşü, İngilis dili və riyaziyyat üzrə bilik və bacarıqları, maraq dairəsi, təhsil gözləntiləri araşdırılır.

İkinci mərhələyə buraxılmış namizədlər ingilis dili, riyaziyyat və Azərbaycan dili (Azərbaycan vətəndaşları üçün) fənlərindən imtahan verir. Müsabiqə qaliblərinə bildiriş göndərildikdən sonra beş gün ərzində şagirdin şəxsiyyət vəsiqəsinin surəti, təhsil aldığı məktəbdən arayış, habelə 3x4 ölçüdə bir ədəd rəngli fotoşəkli məktəbə təqdim olunmalıdır.

Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmış beynəlxalq özəl məktəbdir.

Məktəb aşağıdakı beynəlxalq proqramları təklif edir:

2017-ci ildən tətbiqinə səlahiyyət verilmiş Beynəlxalq Bakalavriatın (IB) İbtidai Təhsil Proqramı (PYP), 2015-ci ildən tətbiqinə səlahiyyət verilmiş IB Diplom Proqramı (DP) və IB Dünya Məktəbi olmaq istiqamətində 2021-ci ildə səlahiyyət verilmiş Orta Təhsil Proqramı (MYP). Məktəb, həmçinin yüksək keyfiyyətli beynəlxalq təhsili təmin edən təşkilatın, Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin üzvüdür.

Avropa Azərbaycan Məktəbi yüksək səviyyədə təhsil imkanları ilə təmin edilən iki müasir tədris binasında fəaliyyət göstərir.

Əlavə dil bilikləri fənləri istisna olmaqla, bütün fənlər üçün ümumi tədris dili ingilis dilidir. Bununla yanaşı, xüsusilə azərbaycanlı şagirdləri öz dilləri və irsləri haqqında daha dərin məlumatlandırmaq məqsədilə Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının tədrisinə xüsusi diqqət yetirilir.

Şagirdlər, həmçinin rus, alman və ispan dillərini, növbəti tədris ili üçün isə hətta fransız və italyan dillərini öyrənmə fürsətinə sahibdirlər. Əlavə tədris proqramlarına gəldikdə isə şagirdlərin maraq dairəsini nəzərə alan təhsil, incəsənət və idman yönlü müxtəlif sosial klublar fəaliyyət göstərir.

Məktəbdə olimpiya standartlarına tam uyğun gələn idman zalı və üzgüçülük hovuzları, səmərəli istirahət üçün yay oyun və idman meydançaları, informasiya texnologiyaları laboratoriyaları və böyük konqres zalları, hər iki kampusda fəaliyyət göstərən yüksək keyfiyyətli və müxtəlif çeşidli yemək təklif edən yeməkxanalar var. Bundan əlavə orta məktəbdə tam təchiz edilmiş və təhlükəsiz olan elmi laboratoriyalar və nəhayət, iki kampusu birləşdirən və şagirdləri nəqliyyatla təmin edən “Məktəb avtobusu” xidməti mövcuddur.

Məktəblə əlaqə:

İbtidai təhsil binası:

Bakı şəhəri, Həsən Məcidov küçəsi, 7C

Orta təhsil binası:

Bakı şəhəri, Badamdar qəsəbəsi, A. Abbaszadə küçəsi, 1128

Telefon: (+99412) 499-89-39; (050) 290-77-52

Veb-saytı: www.eas.az.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed