Şrift:
Tarix Muzeyində Elm gününə həsr olunan seminar
17.03.2021 [11:49] - Xəbərlər, Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 27 mart - Elm gününə həsr olunan seminar keçirilib.

Muzeydən bildirilib ki, direktor, akademik Nailə Vəlixanlı muzeyin tariximizin güzgüsü olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsinin təbliğinin muzeydə uğurla həyata keçirildiyini, bu mövzuda toplama işinin davam etdiyini bildirib.

Elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, dosent Nərgiz Əliyeva “Azərbaycanın elm və mədəniyyətinin təbliğində sərgilərin rolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, muzey eksponatlarının nadir olması, kolleksiyanın tam olması, onların elmi dövriyyəyə buraxılması qürur mənbəyidir. Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif mövzuda və müxtəlif məkanlarda çoxlu sayda sərgilər qurulub. Bunlar məzmun və mövzularına görə fərqləndiyi kimi, təşkil olunduqları məkana görə də fərqləniblər. Əgər sovet dövründə sərgilər sosialist cəmiyyətinin uğurlarını tərənnüm edirdisə, müstəqillik yolu ilə irəliləyən müasir Azərbaycanın təqdim etdiyi sərgilər tariximizin mühüm məqamlarını əks etdirir. Azərbaycanın zəngin mədəniyyətini ölkədə və xaricdə nümayiş etdirmək işində muzey əməkdaşları böyük səy göstəriblər. Həmçinin Azərbaycanın elm və mədəniyyətini təbliğ edən sərgilərin nümayişinə uşaqların cəlb olunması əhəmiyyət kəsb edir.

Alim qeyd edib ki, bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin saytının təqdimatı keçirilib. Əvvəlki saytdan fərqli olaraq məlumatlar Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq. Önəmli olanlardan biri də budur ki, iri həcmi olan kataloq, kitab-albom, toplu və elmi əsərlər təqdim oluna biləcək. Yeni sayt Azərbaycan elm və mədəniyyətinin təbliği üçün daha geniş imkanlar açmaqla yanaşı, muzey əməkdaşlarının üzərinə də daha böyük məsuliyyət düşür. Onlardan daha zəngin yaradıcı işləmələri tələb olunur. Hazırda muzey iki ən vacib məsələni yerinə yetirir, həm ekspozisiyanın yenidən qurulması, həm də “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi üzərində iş gedir.

Muzeyin əməkdaşı Aygün Quliyeva "44 günlük müharibənin acı xatirəsi" mövzusunda çıxış edib, şəhid və qazilərə məxsus materialların toplama işi barədə məlumat verib. Direktor müavini, dosent Məhfuzə Zeynalova yeni yaradılmış Vətən müharibəsi fondu və şəhid, qazi materiallarının toplama işi barədə danışıb.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed