Şrift:
Ermənistan region QHT-lərinin forumundan kənarda qaldı.
28.11.2012 [12:19] - Siyasət
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumunun açılış mərasimi keçirildi.

Forumu giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev forumun Bakıda keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, forumun keçirilməsində məqsəd quruma üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təcrübəsinə vətəndaş cəmiyyəti institutlarının potensialının sərf edilməsidir. Şuranın sədri Azərbaycanda kifayət qədər təcrübəyə malik QHT-lərin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O, forumda katibliyin yaradılacağını, forumun nizamnaməsinin və Bakı Bəyannaməsinin qəbul olunacağını söylədi. A.Quliyev bildirdi ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildə Türkiyədə yaranıb və bu il 20 illiyi dövlət başçıları səviyyəsində qeyd olunub: “Bu təşkilatın daxil olduğu dövlətlər 20 milyon kv. km ərazini birləşdirir, əhalisi 350 milyondan çoxdur. Bizim bu təşkilatın əhalisi Avropa Birliyindən az olsa da, ərazi cəhətdən beş dəfə çoxdur. Bu, onu deməyə əsas verir ki, bu, regionun böyük potensiala malik olan təşkilatıdır. Burada qeyri-hökumət təşkilatlarının da bir arada olmasına ehtiyac var idi. Bu il İstanbulda olanda təklif etdik ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT-lərinin Forumu yaradılsın. Belə bir qurumun məhz Bakıda təsis olunmasına görə mən çox şadam. Bu gün bizim təsis edəcəyimiz qurum regionda sülhün, əmin-amanlığın yaranmasında da öz töhfəsini verməlidir”. A.Quliyev dedi ki, yalnız Ermənistan bu tədbirə dəvət olunmayıb, regiondakı 12 ölkədən 11-i isə forumda nümayəndələri ilə iştirak edir.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini oxudu.

Mili Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, şura istər ölkə daxilində, istərsə xaricində çox mühüm layihələrin həyata keçirilməsinə dəstək verir: “İnanıram ki, bu forum çox vacib məqsədləri qarşısına qoyacaq və onların reallaşdırılmasına nail olacaq”.
Forumda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə, Ukrayna və başqa ölkələrin nüfuzlu QHT rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak edirdi.

Bundan sonra çıxışlar dinlənildi və nizamnamə ətrafında müzakirələr oldu. Türkiyə Böyük Millət Məclisinin üzvü İsmayıl Safi forumun təşkilatçılarına təşəkkür etdi və qurumun yaradılmasına verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi: “Bu forum 12 ölkənin QHT-lərinin mütəşəkkil fəaliyyət göstərəcək qurum olacaq. Ancaq bu forum sonuncu olmayacaq. Bu istiqamətdə fəaliyyət davam etdirilməlidir. Araşdırma Mərkəzi kimi bir mərkəz də qurmağımız lazımdır”. O, foruma Türkiyə hökumətinin də dəstəyini ifadə etdi.
Yekunda QDİƏT ölkələri Qeyri-Hökumət Təşkilatlarının 1-ci forumunun Bakı Bəyannaməsi qəbul olundu. Bəyannamə müddəaları forumun təsis edilməsini, nizamnamənin qəbul edilməsini və fəaliyyətin davamlı əlaqələndirilməsi üçün katibliyin yaradılmasını özündə əks etdirir. “QDİƏT ölkələri hökumətlərinin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, mövcud münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə, etnik separatizmə və terrorizmə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə yönəlik təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının ictimai dəstəyi təmin edilsin” - deyə sənəddə qeyd edilir.
Tədbirin yekununda Azay Quliyev yekdilliklə təşkilatın sədri seçildi. Forumun nizamnaməsi və fəaliyyət planının yenidən işlənib hazırlanması üçün İşçi Qrupunun yaradılması və forumun Baş Assambleyasının növbəti iclasının gələn ilin mayında Ankarada keçirilməsi barədə də qərarlar qəbul edildi.
Bu xəbər oxucular tərəfindən 1155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed