Şrift:
Milli Məclisdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla görüş olub
19.03.2021 [11:43] - Gündəm, İdman
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 18-də olimpiadaların, habelə dünya və Avropa çempionatlarının qalibləri İlham Zəkiyev, Aynur Məmmədova, İbrahim İbrahimov, Ramil Qasımov, Ramin İbrahimov, Zaur Paşayev, Faiq Abdullayev və Kənan Abdullaxanlı ilə parlamentdə görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə sədrin müavini Adil Əliyev ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər və idman siyasətindən, bədən tərbiyəsi və idmanın inkişafından, idmançılarımızın olimpiadalarda qazandığı uğurlardan, idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.

Adil Əliyev idmançılarımızın qayğılarının həmişə dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayaraq, hər il idmançıların ölkə başçısı tərəfindən qəbul edilərək mükafatlandırılmasına, onların problemlərinin həlli istiqamətində zəruri addımların atılmasına diqqət çəkib. Ölkəmizin paralimpiya hərəkatında da yüksək nəticələr əldə etdiyini deyən Adil Əliyev paraolimpiyaçıların daim ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyini və yüksək nəticələr göstərdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanın dünyanın diqqət mərkəzində olan olimpiadaların, Avropa və İslam Həmrəyliyi oyunlarının, Formula 1 kimi yarışların yüksək səviyyəli təşkilatçısı olması qürurvericidir.

Bədən tərbiyəsi və idmanın gənc nəslin həyatındakı rolundan danışan vitse-spiker ölkə başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun fiziki hazırlığı, maddi texniki bazası, keçirilən təlimlərin nəticəsi barədə fikirlərini bölüşüb.

Söhbət zamanı gənclərin idmana həvəsinin artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Vitse-spiker idmançılarımızın beynəlxalq yarışlara hazırlıq vəziyyəti ilə yaxından maraqlanıb, döyüş meydanında qazanılan Zəfərin idmanda da davam edəcəyinə əminliyini bildirib.

Sonda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed