Şrift:
Türkiyədə bunun örnəyi var
19.03.2021 [15:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın Zəfər Muzeyi möhtəşəm yaradılmalıdır

"Muzey elə məkanda olmalıdır ki, önəmli əcnəbi qonaqları, diplomatik korpusun nümayəndələrini mütləq ora apara bilək"

Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Lakin qeyd olunub ki, məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. İctimaiyyət nümayəndələri hesab edir ki, 44 günlük tarixi qələbənin əbədiləşdirilməsi baxımından Zəfər Muzeyinin yaradılması olduqca vacib və təqdirəlayiqdir. Möhtəşəm zəfərin tarixin yaddaşına həkk edilməsi və gənc nəslə təbliği də son dərəcə önəmlidir. Çünki bu zəfər son 200 ildə ermənilərin xalqımıza qarşı törətdiyi terror və təxribatlara ən layiqli cavabdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev “Sərq”ə deyib ki, Zəfər Muzeyi və memorial kompleksdə sadəcə 44 günlük Qələbənin təzahürləri olmamalıdır. Partiya rəhbərinin sözlərinə görə, bütöv Azərbaycan tarixini, xalqımızın döyüş ruhunu özündə ehtiva edən müəyyən səhnələr abidədə əks olunmalıdır:

“Muzey üçün çoxmərtəbəli bina şəklində ola, hadisələr canlandırılmış şəkildə ziyarətçilərə təqdim oluna bilər. Türkiyədə bunun örnəyi var. Ermənilər Azərbaycanı son 30 ildə “döyüşdən qorxan xalq” kimi qaralamağa çalışırdılar. Öz ordularını isə mifləşdirirdilər. Lakin möhtəşəm qələbəmizdən sonra dünyanın ictimai rəyində Azərbaycan xalqının döyüşkənliyi birmənalı sübut edildi, qəbul olundu. Bunlar da abidədə öz əksini tapmalıdır. Zəfər Muzeyi və memorial kompleks gələcəkdə ölkəmizə hücum çəkmək niyyətinə düşəcək qüvvələrə dərsdir. Hamı bilməlidir ki, torpaqlarımıza dost kimi gələnləri dostluqla qarşılayırıq, ancaq düşmənlərin buradan ancaq cəsədi çıxar”.

F.Quliyev vurğulayıb ki, gənc nəsil vətənpərvər ruhda yetişmək üçün muzeylərdən faydalanmalı, tarixi doğru-dürüst bilməlidir:

“Zəfər Muzeyi möhtəşəm qələbəmizə verilən yüksək qiymətin nümunəsidir. 44 günlük şanlı zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan başda olmaqla bütün xalq böyük cəsarət və fədakarlıq nümayiş etdirdi. Alnımızdan ləkəni sildik, torpaqlarımızı azad etdik və bölgədə güclü, iddialı xalqa çevrildik. Muzey elə məkanda olmalıdır ki, önəmli əcnəbi qonaqları, diplomatik korpusun nümayəndələrini mütləq ora apara bilək. Şagird və tələbələrin turlarını təşkil edək və s. Yəni prinsip etibarı ilə bir çox baxımdan mühüm əhəmiyyət kəsb edən məsələdir. Düşünürəm ki, bu işdə qənaətə getmədən çox geniş və möhtəşəm kompleks yaradılmalıdır”.

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed