28.11.2012 [13:31] - Güney Azərbaycan xəbərləri
Tehran Universitetinin keçmiş rektoru Məhəmməd Məleki İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə açıq məktub yazıb. O, Tehran Universitetinə islam inqilabından dərhal sonra, 1979-1981-ci illərdə rəhbərlik edib. O, ayətullah Xamneyinin siyasətini tənqid edən yazı və müsahibələrinə görə indiyədək bir neçə dəfə tutulub, zindanda fiziki işgəncələrə məruz qalıb. Məhəmməd Məlekinin açıq məktubunda deyilir: «6 ay əvvəl vilayəti-fəqih (Xamneyinin vəzifəsi) sisteminin hökmranlarına xitabən kiçik bir yazı yazmışdım. O yazıda bildirmişdim: «Bu ölkəyə hakim olan hökmranların hekayəti öz şeytani qüdrətini qoruyub saxlamağa çalışan fironun hekayəti olsa da, görəsən, heç olmasa ömrünün bu son günlərində ağlı və şüuru çatacaq ki, bircə dəfə oturub indiyə qədər getdiyi yol haqqında düşünsün?». Bu kiçik yazının dərc olunmasından 6 ay keçir. Bu müddətdə həm İranda, həm də bölgədə, dünyada böyük olaylar baş verib. Həmin olayların hər biri İran hökmranlarının donmuş beyni üçün bir şok terapiyası ola bilərdi. Lakin istibdada qurşanan bu cənablar özlərinin qondardığı şəxsiyyətə və çürümüş xülyalarına elə qapılıblar ki, həmin şoku və sonuncu zərbəni hiss edəndə də artıq çox gec olacaq. O zaman onların bir dəfə ah çəkməsinə də vaxtları qalmayacaq. Xəbərdarlığımdan 6 ayın keçdiyi bu vaxtda mən xalqımızın hədsiz zülm və amansızlıqla üz-üzə qalmasının əsas səbəbkarı olan cənab Xamneyi barədə yazmaq, onun haradan başlayıb hara gəlib çatdığından danışmaq istəyirəm. Biz İranda islam inqilabının qələbəsindən əvvəl Xamneyini şeir və ədəbiyyatla, musiqi və incəsənətlə maraqlanan, yaxşı qələmi və nitqi olan, gənclərlə, o sıradan da o dövrün inqilabçıları sayılan mücahid və fədai tələbələrlə dialoqu sevən və bununla fəxr edən bir şəxs kimi tanıyırdıq. Lakin şah rejiminin sonu yaxınlaşdıqca biz onun yavaş-yavaş həmin insanlardan uzaqlaşdığını, «Hizbullah» qüvvələrinə yaxınlaşdığını gördük. İnqilab qələbə çalandan, yeni hakimiyyətdə vəzifə alandan sonra isə ayətullah Xamneyi hakimiyyətin özbaşınalığını tənqid edən gənclərin, tələbələrin tutulub həbsə salınmasına, darmadağın edilməsinə təşəbbüs göstərməyə başladı. Dünənə qədər özünü istibdada qarşı mübariz kimi qələmə verən, bir müddət həbsdə də yatmış ayətullah Xamneyi islam inqilabının qələbəsindən sonra vəliyi-fəqih postuna çatdı və özünü ölkədə hakimi-mütləq, imamzaman canişini elan etdi. Cənab Xamneyi! Ölkədə və bölgədə baş qaldıran xalq hərəkatlarının sizin qüdrət tilsiminizdə çat əmələ gətirdiyi bir vaxtda köhnə tanış kimi sizə bəzi şeyləri demək istəyirəm. Ölümün haqq olduğuna bəlkə siz də inanırsınız. Mən və siz bir gün bu dünyadan köçməli olacağıq. Lakin şübhəsiz ki, bizim ölümümüz fərqli olacaq. Mən və siz az-çox 80 il yaşayacağıq. Bir fərqimiz var ki, mən ömrümün 50 ilini İran xalqının azadlıq eşqinin alovunda yandım, siz isə qüdrət, vəzifə və post eşqinin alovunda yandınız. Qəbul edin ki, İran çökür. Sizi dövrəyə alan yaxın adamlarınızın sözlərinə inanmayın. Onlar yalnız öz mənafelərini düşünürlər, iş bərkə düşəndə də sizi tək qoyub gedəcəklər. Bu gün xalq bütün problemlərinin əsas səbəbkarı kimi sizi görür. Çünki indiyə qədər xalqın problemlərinin həllinə çalışmaq əvəzinə, onu inkar edən məhz siz olmusunuz. Öz səhv və məntiqdən uzaq qərarlarınızla əcnəbilərə şərait yaradaraq onların ölkəyə sanksiya tətbiq etməsinə, xalqı qara günə qoymasına imkan yaradan məhz siz olmusunuz. Öz əlaltılarınıza yaşıl işıq yandıran, onların ölkədə və xaricdə müxalif və dissident iranlılara qarşı terror əməliyyatları aparmasına şərait yaradan siz idiniz. Siz ölkənin keçmiş prezidenti və hazırkı ali dini lideri kimi 1980-ci illərdə zindanlarda on minlərlə günahsız insanın kütləvi şəkildə öldürülməsinə görə xalq qarşısında cavabdeh olmalısınız. Cənab Xamneyi, sizin bölgələrə səfərlərinizi planlaşdıranların proqramlarını çox da ciddiyə almayın. İnanın ki, şəhərlərə gedəndə xalq sizinlə görüşə könüllü gəlmir. Bunu öyrənmək üçün yalnız bircə dəfə göstəriş verin ki, səfərlərinizin birində dövlət idarələrini və məktəbləri bağlamasınlar və kəndliləri zorla dartıb sizin görüşünüzə gətirməsinlər. O zaman bəlli olacaq ki, bu insanlar zor və təhdid və ya müəyyən maddi vədlər qarşılığında, yoxsa öz istəkləri ilə sizin görüşünüzə gəliblər. İran xalqı qarşısında təvazökarlıq göstərin, başçılıq etdiyiniz sistemin ölkəni idarə edə bilmədiyini boynunuza alın və müdrik İran xalqının öz müqəddəratını təyin etməsi üçün beynəlxalq təşkilatların nəzarəti altında azad bir referendum keçirilməsinə razılaşın. Məhz belə bir tədbirlə Liviya, Suriya və digər ölkələrdə baş verənlərin İranda təkrar olunmasının, əhalinin qırılmasının, şəhərlərin isə dağıdılmasının qarşısını almaq olar. Cənab Xamneyi! Heç şübhə etməyin ki, sabah sıra sizə çatacaq. Bu məktub isə mənim sizə sonuncu mesajımdır».
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |