Şrift:
Əyriçay su anbarında mövsümi suvarma işlərinə hazırlıq görülür
30.03.2021 [11:20] - Gündəm, İqtisadiyyat
Şəki və Qax rayonlarının dəmyə əkin sahillərini suvarma suyu ilə təmin edən, bölgənin ən iri su anbarlarından olan Əyriçay su anbarında mövsümi suvarma işlərinə hazırlıq görülür.

Şəki rayonunun ərazisində 1986-cı ildən fəaliyyət göstərən Əyriçay su anbarı Böyük Qafqaz sıra dağlarının ətəyindən axan Şin, Kiş və Əyriçayın sularını toplayır. Su anbarında suvarma suyundan səmərəli istifadə olunması və sel sularının hidrotexniki qurğulardan maneəsiz buraxılması üçün zəruri tədbirlər həyata keçirilir.

Şəki Əyriçay Su Anbarı İstismarı İdarəsinin baş mühəndisi Vəli Cəbrayılov bildirib ki, il ərzində 20 müxtəlif hidrotexniki qurğu, habelə 2 kilometr uzunluğunda beton kanal və 4 kilometr uzunluğunda boru kəməri cari təmir olunub, 3 kilometr uzunluğunda istismar yolu sahmana salınıb. Nasos stansiyasının binası əsaslı təmir olunub. Stansiyanın fasiləsiz işləməsini təmin etmək məqsədilə 9 nasos aqreqatı və digər mexaniki avadanlıq təmir olunub, mühərriklər saz vəziyyətə gətirilib. Ötən il stansiyanın elektrik idarəetmə sistemi tam yenilənib. Stansiyanın nasosları vasitəsilə su təzyiqlə dağ ətəyində - 125 metr hündürlükdə yerləşən təmziləyici hovuza ötürülür.

Əyriçay su anbarı Şəki və Qax rayonlarının iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. İdarənin əsas işi su anbarının doldurulması və vegetasiya dövründə limit əsasında verilməsini həyata keçirməkdir. Həmçinin müəssisə bəndlərin və su paylayıcı qurğuların istismarı, təmiri və bərpası ilə məşğuldur.
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed