Şrift:
Ölkənin ilk uşaq televiziyası “ARB Günəş”in 6 yaşı tamam olur
01.04.2021 [11:16] - Gündəm, Sosial
Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 6 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyətə başlayıb.

Televiziya azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. “Xəbərdar ol”, “Mərcangildə”, “Çərpələng”, “Yuxunuz şirin olsun” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

Ölkənin ilk uşaq kanalında dublyaj studiyası da fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim edilir.

“ARB Günəş” “ARB Media Qrup”a daxil olan digər kanallar və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təhsil TV” ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər “ARB Günəş”in efirində yayımlanır.

Hazırda koronavirus təhlükəsi ilə bağlı məktəblərdə tədris, təlim-tərbiyə prosesi dayandırıldığından məktəblilərin dərslərdən geri qalmaması üçün Təhsil Nazirliyinin dəstəyi ilə “ARB Günəş”də teledərslər yayımlanır.

Kənd Təsərrüfatı Nazirliyi, “ARB Günəş”, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə layihəsi olan "Təbiət və biz" proqramı da televiziyanın maraqla izlənilən proqramlarındandır.

Yayımı “Azerspace 1” peyki vasitəsilə həyata keçirilən “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed