Şrift:
Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konfrans keçirilib
07.04.2021 [11:35] - Xəbərlər, Türk dünyası-Turan
Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirilib.

MDU-dan bildirilib ki, onlayn formatda təşkil edilən konfransın açılışında çıxış edən Qazi Universitetinin prorektoru Bekir Buluç, ilk növbədə, təmsil etdiyi universitetin rektoru Musa Yıldızın salamlarını tədbir iştirakçılarına çatdırıb və birgə konfransın keçirilməsində əməyi olan hər iki universitetin əməkdaşlarına təşəkkürünü bildirib.

Qələmə aldığı əsərləri qədər, düşüncələri ilə də Nizami Gəncəvinin incəsənət və mədəniyyət tarixində yeni səhifələr açdığını vurğulayan B.Buluç dahi şairin anadan olmasının 880-ci ildönümündə Azərbaycanda “Nizami Gəncəvi İli”nin elan olunmasının qardaş ölkədə böyük sevinclə qarşılandığını qeyd edib.

Dünya ədəbiyyatı və mədəniyyətinin parlaq mirasına çevrilmiş əsərləri, zəngin fəlsəfi-poetik fikirləri ilə Nizami Gəncəvinin öz dövrünü çox qabaqlayan mütəfəkkir şair olduğunu diqqətə çatdıran rektor yardımçısı MDU ilə keçirilən ortaq konfransın Nizami irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, dahi şairi müxtəlif aspektlərdən tanıdacaq və dəyərli biliklərini bölüşəcək məruzəçilərə uğurlar arzulayıb.

Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universiteti ilə birgə təşkil edilən konfransın açılışını etməkdən məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində, eləcə də qardaş ölkənin güclü mənəvi dəstəyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik olan Qazi Universiteti ilə MDU arasında əməkdaşlığın yaradılmasından bəhs edən Ş.Bayramov hər iki universitetin pedaqoji fakültələrini əhatə edəcək işbirliyinin qarşılıqlı faydalı olacağına və strateji hədəflərin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini bir daha vurğulayan rektor MDU ilə Qazi Universiteti arasında yaradılan əməkdaşlıqda ilk addım hesab olunan birgə konfransın Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi şairin zəngin ədəbi irsinin öyrənilməsi və onun əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin beynəlxalq səviyyədə təbliğ edilməsinin əhəmiyyətindən danışan Ş.Bayramov konfransı Azərbaycan-Türkiyə qardaşlığının və ortaq dəyərlərimizin nümunələrindən biri kimi qiymətləndirib. Birgə tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Qazi Universitetinə və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə təşəkkürünü bildirən rektor konfransın işinə uğurlar arzulayıb.

Konfransın moderatoru, Qazi Universitetinin dosenti Nazife Burcu açılış nitqlərindən sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırıb və sözü məruzəçilərə verib.

“Nizami Gəncəvinin Fərhad və Şirini” mövzusunda çıxış edən Türkiyənin Qazi Universitetinin professoru Halil Çeltik dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dühası Nizami Gəncəvinin həyatı, təhsili və yaradıcılığı haqqında danışıb, “Xosrov və Şirin” poemasının qısa məzmunundan, burada yer alan mənəvi-əxlaqi və tərbiyəvi fikirlərdən bəhs edib, sözügedən əsərdən bəhrələnən türk, ərəb və fars şairlərinin nəzirələrindən söhbət açıb.

“Nizami Gəncəvi məsnəvilərinin Mançester və Berlin nüsxələrindəki miniatürlər” mövzusunda çıxış edən Kastamonu Universitetinin professoru Vüsalə Musalı mütəfəkkir şairin dünyanın müxtəlif kitabxanalarında mühafizə edilən əsərlərinin çoxsaylı əlyazma nüsxələrindən bəhs edib. “Nizami Gəncəvi İli”ndə Azərbaycanda müxtəlif yeni nəşrlərin hazırlanacağını qeyd edən V.Musalı dahi şairin biblioqrafiyasına yeni ortaya çıxarılan nüsxələrin də daxil edilməsinin zəruriliyini vurğulayıb. Mançester və Berlin kitabxanalarındakı nüsxələrdən danışan məruzəçi türk dünyasının dühası Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin müxtəlif səhnələrini əks etdirən miniatürlər haqqında ətraflı məlumat verib.

“Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda çıxış edən MDU-nun dosenti Esmira Cəfərova türk və müsəlman dünyasının qürur mənbəyi olan kəlam ustası Nizaminin yaratdığı ölməz poemaların söz sənətinin incilərindən sayıldığını, dünya xalqlarının dillərində əzbər olduğunu və bütün zamanlar üçün aktuallığını qoruyub saxladığını bildirib. Nizami yaradıcılığının bütövlükdə humanist və ümumbəşəri dəyərlər üzərində qurulduğunu qeyd edən məruzəçi dahi şairin möhtəşəm əsərlərində dərin məzmunla və yüksək ustalıqla tərənnüm edilən ədalətdən, ilahi və insani məhəbbətdən, sülhdən, etnik və dini müxtəlifliklərə hörmətdən, tolerantlıq və multikulturalizm ideyalarından və onların müstəsna əhəmiyyətindən bəhs edib.

“Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzusunda çıxış edən MDU-nun dosenti Mayıl İsmayılov dünyanın tanınmış şərqşünas alimlərinin Nizami haqqında düşüncələri barədə danışıb. Avropa və dünya şərqşünaslığının bir neçə əsrlik tarixə malik olduğunu qeyd edən M.İsmayılov onlarla şərqşünasın Nizami yaradıcılığından bəhrələndiyini, onun zəngin ədəbi irsini araşdırdığını və əsərlərindən tərcümələr etdiyini bildirib. Şərq ədəbiyyatının sistemli şəkildə öyrənilməsi tarixindən və Avropada nizamişünaslığın əsasının qoyulmasından bəhs edən məruzəçi dünyanın şərqşünas alimlərinin Nizami dühası haqqında tezisləri və mülahizələrini diqqətə çatdırıb.

Məruzələrdən sonra MDU-nun tələbəsi Günel Məmmədova Nizami Gəncəvinin “Sənsiz” qəzəlini səsləndirib.

Anadan olmasının 880 illik yubileyində Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anıldığı və onun dünya ədəbiyyatına qazandırdığı misilsiz əsərlərin müzakirə edildiyi konfransın əhəmiyyətindən bəhs edən Qazi Universitetinin Təhsil fakültəsinin dekanı Mahmut Selvi proqramın həyata keçirilməsində dəstəyinə görə MDU-nun rəhbərliyinə və məruzəçilərə təşəkkürünü bildirib.

Sonda yekun nitqi söyləyən Ş.Bayramov konfransın çox maraqlı və faydalı keçdiyini qeyd edib, doqquz əsr keçməsinə baxmayaraq, dahi şairin əsərlərinin aktuallığını saxlamasını və hələ də onun zəngin irsinin öyrənilməsini Nizami dühasının böyüklüyü kimi dəyərləndirib. “Nizami Gəncəvi İli”nə töhfə vermək məqsədilə MDU və Qazi Universiteti tərəfindən birgə təşkil edilən və iki yüzdən çox iştirakçının qatıldığı konfransın keçirilməsində əməyi olanlara bir daha minnətdarlığını bildirən rektor uğurla start verilən ikitərəfli əməkdaşlığın davamlı inkişafına əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş silsiləvi tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi, onun ölkə miqyasında və beynəlxalq səviyyədə təbliği diqqət mərkəzində saxlanılır.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed