Şrift:
Tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara təqdim edilib
08.04.2021 [10:40] - Xəbərlər, İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində aparılan islahatlar və “Bir pəncərə” elektron müraciət sistemi haqqında növbəti maarifləndirici seminar təşkil edilib, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, seminarda son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdığı və sahibkarlığın inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, ölkə başçısının tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən “Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalıb.

Bununla yanaşı, tikinti niyyəti olan hər bir şəxs olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə elektron qaydada müraciət edərək ekspertizasının keçirilməsi tələb olunan və olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə, həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına icazələri onlayn əldə edə bilər.

Təşkilatçılarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC və “Azərsu” ASC kimi dövlət qurumlarının əməkdaşlarının da iştirak etdiyi vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funksional bölməsi əyani formada nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq, aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim edilib.

Hazırda komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, bunlardan biri də sistemin tərkibində yaradılmış yeni “məlumatlandırma icraatı” moduludur. Bu xidmət ilk mərhələdə pilot layihə olaraq Bakı şəhərində istifadəyə verilib və qısa müddət ərzində bütün ölkə üzrə tədbiq olunması planlaşdırılır.

Sonda tikinti şirkətlərinin nümayəndələrinin təklifləri dinlənilərək qeydə alınıb, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Komitənin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi görüşdə tikinti sektorunda fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi və fərdi sahibkar iştirak edib.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed