Şrift:
Fərəc Quliyev:Sülhməramlılara güvənimiz yoxdur, mövzu parlament səviyyəsində müzakirə olunmalıdır
08.04.2021 [16:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Atəşkəsin davamlı olması üçün minalanmış ərazilərin xəritəsi mütləq bizə təhvil verilməlidir

Düşmən işğalından azad edilmiş ərazilərimizdə basdırılmış minalar demək olar ki, hər gün yeni faciələrə səbəb olmaqdadır. Ötən gün itkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında daha iki hərbçimiz xəsarət alıb. Müdafiə Nazirliyindən bildirilib ki, aprelin 6-sı günorta saatlarında keçirilən axtarışlar zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində hərbi qulluqçular - Pünhan Əliyev və Bəxtiyar İlqaroğlu xəsarət alıblar. Yerevan hökumətinə minalı ərazilərin xəritəsi ilə bağlı dəfələrlə müraciət edilsə də, Ermənistan xəritələri verməkdən müxtəlif bəhanələrlə imtina edir.

Düşmən tərəf gah onlarda bu cür xəritələrin olmadığını əsas gətirir, gah da məsuliyyətin Qarabağ separatçılarında olduğunu bildirir. Ermənistandakı hərbi sistem birbaşa Rusiya hərbi sisteminin tərkib hissəsidir. Rusiyanın hərbi sisteminə əsasən isə bütün minalanmış sahələrin, hətta alay səviyyəsində belə xəritələri tərtib olunur. Ola bilər ki, kimsə özbaşına mina basdırar, yəni belə hallar istisna olunmur. Lakin geniş ərazilərin, xüsusən, keçmiş təmas xətti civarının məqsədli və planlı şəkildə minalandığına şübhə yoxdur. Ekspertlərin fikrincə, məsələ ilə bağlı beynəlxalq təşkilatlara, BMT-nin müvafiq qurumlarına, eyni zamanda Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməliyik. Ermənistan hər vasitə ilə xəritələri verməyə məcbur edilməlidir. Əks halda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi illərlə davam edər və itkilər artar.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə vurğulayıb ki, 10 noyabrda imzalanmış üçtərəfli anlaşma məcburi xarakter daşıyırdı. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan özü prosesi sonadək yekunlaşdırmaq əzmində idi. Amma Rusiya tərəfi vasitəçilik etdi və məlum razılaşma imzalandı:

“Ermənistan rəhbərliyi anlaşmaya qol çəkib. İndi anlaşmanın bir bəndini icra edib, digər bəndlərini görməzdən gəlmək ümumən anlaşmanın pozulması deməkdir. Əgər üçtərəfli razılaşmaya əməl olunmursa, o zaman Rusiya sülhməramlıları da bölgəni tərk etməlidir. Anlaşmaya əsasən, atəşkəs bərpa olunubsa, buna mütləq riayət edilməlidir. 10 noyabrdan sonra hərbçilərimiz, mülki şəxslərimiz minaya düşərək həlak olublar, yaralanıblar. Nə fərqi var ki, onlar ya snayper atəşindən, ya artilleriyadan, yaxud minadan həlak olublar. Bunların hamısı döyüş vasitəsidir. Atəşkəsin davamlı olması üçün minalanmış ərazilərin xəritəsi mütləq bizə təhvil verilməlidir. Əgər ermənilər minaları xəritəsiz, hara gəldi basdırıblarsa, bunun özü müharibə cinayətidir. İctimaiyyət narazılıq etməkdə tam haqlıdır. Rusiya sülhməramlılarının nəzarət etdiyi yerlərdə minalar partlamır. Deməli, rusların əlində xəritələr var. Bu o deməkdir ki, rus sülhməramlıları da ermənilərlə əməkdaşlıq edirlər. Bölgədə ya rus sülhməramlıları, ya da erməni silahlıları olmalıdır. Yəni ikisindən biri qalmalıdır. Çünki üçtərəfli anlaşmada göstərilib ki, Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel erməni silahlıları oranı dərhal tərk etməlidir. Amma erməni yaraqlıları bugünədək Qarabağda qalmaqdadır. Rusiya sülhməramlıları isə öz işlərindən başqa hər şeylə məşğul olurlar. Halbuki, onların missiyasından biri də mülki əhalinin zərər görməsinin qarşısının alınmasıdır. Tərəflərdən birinin digərinə xələl yetirməsinə mane olmaqdır”.

F.Quliyev bildirib ki, Rusiya sülhməramlılarına ciddi şəkildə irad bildirilməlidir:

“Onlar bir çox məsələni açıq-aşkar formada ermənilərin xeyrinə həll etməyə çalışırlar. Özbaşına hərəkətlər edirlər, separatçılarla görüş keçirirlər. Hətta erməni mətbuatı yazır ki, ruslar Şuşa yoluna tanklar qoyub ki, Azərbaycan əsgəri ora gəlməsin. Laçın dəhlizindən 2,5 kilometr sağa və sola ancaq ruslar nəzarət etməlidir və s. Biz üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsini tələb edirik.

Əfsuslar olsun ki, razılaşmanın bir çox bəndinə əməl olunmur. Məsələn, BMT vasitəçiliyi ilə öz doğma yurdlarından qovulmuş azərbaycanlılar hələ də qaytarılmayıb. Xankəndindən 1200-dən çox ailə zorla çıxarılıb və onların da geri dönüşü ilə bağlı heç bir iş görülməyib.

Ruslar isə Qarabağa ermənilərə ev tikməklə məşğuldur. Yeni qəsəbələr salmaq haqqında düşünürlər. Burunlarını hara gəldi soxurlar. Artıq sülhməramlılara güvənimiz yoxdur. Fikrimcə, çox ciddi şəkildə bu məsələlərə qol qoymaq lazımdır. Parlament səviyyəsində mövzu müzakirə olunmalıdır.

Hər gün itki verəsi deyilik ki?! Azərbaycan qalib tərəfdir, ermənilərdən nəyisə xahiş edəsi deyilik. Düşmən bizə vurduğu zərəri tam ödəməlidir, pulu yoxdursa, əvəzində torpaq verməlidir”.

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed