Şrift:
Qarabağda dirçəliş: “5-10 ilə Qarabağda biz indikindən fərqli bir mənzərənin şahidi olacağıq” – Partiya sədri
09.04.2021 [17:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq bərpa-quruculuq işlərinə başlayıb.

Yeni yolların çəkilişi, hava limanlarının tikilişi və digər infrastruktur layihəsinin icrası artıq başlanılıb və işlər sürətlə davam etdirilir.

Dövlətin Qarabağda apardığı sürətli quruculuq işlərinə maneə yaradan tək amil isə ərazilərin minalanması və təmizləmə işinin uzun vaxt aparmasıdır.

Azərbaycan Qarabağı qısa zamanda əvvəlki görkəminə qaytarmaq üçün lazımi bütün addımları atır. Artıq “Qarabağ Dirçəliş Fondu” yaradılıb və bunun özü dövlətin Qarabağ siyasətinin təzahürüdür. Quruculuq proqramı isə ilk növbədə qaçqın və məcburi köçkünlərin ən qısa zamanda doğma yurdlarına qayıtması üçün orada infrastrukturun yaradılması, müasir şəhər, qəsəbə və kəndlərin salınması, bölgəyə dinc, təhlükəsiz, rahat həyatın gətirilməsidir.

Proqramda həmçinin yeni iş yerlərinin açılması, Qarabağa qayıdacaq əhalinin işlə təmini nəzərdə tutulur ki, bu da əslində bütün ölkə üçün ciddi əhəmiyyətə sahibdir. Bu, həm də ölkə həyatının bütün sahələrindən sürətli inkişafa töhfə verəcək ciddi amildir. Bütün bu işlər isə dövlətin Qarabağ siyasətinin konkret təzahürü olan “Qarabağ Dirçəliş Fondu”nun xətti ilə mərkəzləşdirilmiş qaydada aparılır.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, əhalinin Qarabağın bərpasında sərbəst şəkildə iştirak etməsi, xaricdə yaşayan azərbaycanlıların prosesə cəlb olunmasını, vəsait qoymasını təmin etmək olar:

“Hesab edirəm ki, bu, yardımçı bir məsələdir. Köklü olaraq dirçəliş proqramını həyata keçirmək üçün bu fondun vəsaitləri bəs etməz. Biz Qarabağda kifayət qədər işlər görməliyik. Demək olar ki, 300-dək kənd, 10-a yaxın şəhər, qəsəbə yer üzündən silinib. Onlar yenidən qurulmalıdır. Bunun üçün yeni proqramlar olmalıdır.

Düşünürəm ki, Qarabağın dirçəlişi üçün qoyulacaq vəsait də investisiya xarakterli olacaq. Qısa zamandan sonra həmin ərazilərindən xərclənən vəsaiti götürə biləcəyik. Çünki Azərbaycanın kənd təsərrüfatı məhsullarının 60 faizini işğaldan əvvəl məhz həmin 20 faiz ərazilərdən götürülürdü. Bunun üçün o ərazilərin çox böyük potensialı var. Üstəlik, mədən sənayesini inkişaf etdirsək, oradan yarımfabrikatlar və son məhsul istehsalı üçün zavov və fabriklər tikilə bilər.

Elə tikintilərin aparılması üçün təkcə Kəlbəcər ərazisində sement, mərmər, mişar daşları və digər məhsullar var. 155 mədənimiz var, onların işə salınması və vəsait götürülməsi mümkündür. Əlbəttə ki, hakimiyyət və cəmiyyət birlikdə bu işləri görməlidir”.

Partiya sədri hesab edir ki, əhalini müəyyən həvəsləndirici amillərlə orada işləməsini təmin etmək mümkündür:

“Qaçqın və məcburi köçkünləri eyni cür həmin ərazilərə göndərilməsinin yollarını aramaq lazımdır. İnvestorları Qarabağa investisiya qoyması üçün bütün vergilərdən azad etməklə həvəsləndirmək olar. Amma “Qarabağ Dirçəliş Fondu”nun yaranması müəyyən insaların da buna dəstək verməsinə səbəb olacaq. Qısa zamanda ərzində dövlətin də bərpa işləri üçün sərf etdiyi vəsait geri qayıdacaq. Başqa ölkələrin də quruculuq işlərində iştirakı olacaq. Bu cür təşəbbüsləri alqışlayıram və hesab edirəm ki, hökumətin bununla bağlı böyük bir proqramı var. Yaxın 5-10 ilə Qarabağda biz indikindən fərqli bir mənzərənin şahidi olacağıq”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed