Şrift:
Siyasi dialoq imkanları artırır: Partiyaların intibah dönəmi - TƏHLİL
12.04.2021 [09:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İslahatlar davam edir.

Kompleks islahatlar kursunda kadr yenilənmələri ilə yanaşı, siyasi konfiqurasiyanın əsaslı tətbiqi də göz önündədir. Siyasi qüvvələrin davamlı formada əməkdaşlığı, iqtidar və müxalifət arasında sağlam dialoq mühiti artdıqca, cəmiyyətdə, eləcə də siyasi mühitdə plüralizm ənənələri dərinləşir.

Bir müddət əvvəl siyasi təşkilatların fəaliyyət imkanları üçün adi minimum imkanlar belə yox idi. Bu, xüsusilə təşkilatlanma baxımından onlara ciddi əngəllər törədir, partiyaları belə demək mümkünsə, qiyabi fəaliyyətə sövq edirdi. Bütün bunlar isə partiyaların yerli təşkilatlarının formalaşmasını mümkünsüz edirdi. Üzvlərin siyasi diskussiya imkanları olmur, partiyanın siyasi kursu ilə bağlı rəhbərlik və yerli təkilatlar arasında əlaqələri məhdudlaşdırırdı.

Ona görə də siyasi partiyalar daim qərargah problemlərinin olduğunu fəaliyyətlərinə əsaslı əngəl hesab edir, bu problemin dövlət tərəfindən həllinə dəstək istəyirdilər. Bu, lakin uzun illər problem olaraq siyasi gündəmi zəbt etsə də, nəticəsi olmurdu.

Azərbaycanda islahatların başlandığı ilə bağlı dövlət başçısınını siyasi iradəsindən sonra siyasi mühitdə də yeniliklər davamlı istiqamətdə inkişaf edir. Prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri ilə keçirdiyi görüşlərdən sonra bir çox məsələlər kimi partiyaların qərargah məsələsi də artıq həllini tapıb.

Partiyaların fəaliyyətinə daha əlverişli imkan yaradılması, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri hesabına qərargahla təmin olunması prosesi davam edir.

Qeyd edək ki, bu günə qədər bir sıra partiyalar ofislə təmin olunub. Belə ki, Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Xalq Partiyası və bir sıra digər siyasi təşkilatlar ofislə təmin olunub.

Partiyaların ofislə təmin olunması prosesi davam etdirilir. Yaxın zamanlarda ofisi olmayan digər partiyaların da qərargahla təminatına baxılacağı gözlənilir. Partiyaların ofislə təmin olunması onların fəaliyyətinə müsbət təsir etməklə yanaşı, ölkədə iqtidar-müxalifət münasibətlərində açılımın davam etməsində mühüm rol oynayır. Partiyaların sərbəst fəaliyyət imkanlarının artırılması eyni zamanda, cəmiyyətdə demokratik dəyərlərin inkişafı baxımından da çox əhəmiyyətli bir prosesdir. Bəzən Azərbaycanın siyasi müstəvisi üçün bu açılıma kölgə salmağa da cəhd edilir. Təbii ki, bu münasibətlərin inkişafını istəməyən müxtəlif qüvvələr mövcuddur.

İstər müxalifətin inkar qanadı, istərsə də siyasi qarşıdurmadan faydalanmaqla öz təsir gücünü saxlamaq haqqında illüziyalara qapılaraq kambinasiyalar düşünən bəzi keçmiş məmurlar da bu prosesdən narahatdır. Lakin dövlətin mövqeyi qətidir və siyasi həmrəyliyin saxlanması, iqtidar-müxalifət münasibətlərinin sivil formada davam etməsi istiqamətində mühüm addımlar atılır.

Partiya rəhbərləri də hazırkı durumu müsbət dəyərləndirirlər.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır:

"Bizim müxalifətçiliyimiz yalnız düşüncə müxalifətçiliyi olmalıdır, fərdi, qərəzli şəkildə kiminləsə mübarizə aparmaq müxalifətçilik deyil. Hesab edirəm ki, sonrakı mərhələlərdə parlamentdə komitə sədrləri, spiker müavinləri səviyyəsində müxalifətin təmsil olunması da irəliyə doğru atılan addımdır. Ən ümdə məsələ isə odur ki, göndərilən müraciətlərə çox ciddi şəkildə baxılır. Hesab edirəm ki, bundan sonra da rayonlarda yerli şöbələrə İcra Hakimiyyəti qərargah verməlidir. Bu da çox vacib məsələdir və həm də məhsuliyyətin bölüşdürülməsidir.

Yəni məsuliyyət təkcə iqtidarın üzərinə düşmür, həm də müxalifətlə bölüşülür. Bu da gələcəkdə bələdiyyə və başqa seçkilərdə effektiv olacaq. Bu gün partiyalarda yüksək səviyyəli mütəxəssislər var. Onların hakimiyyətdə təmsil olunması, rəhbərliyə gətirilməsi vacibdir. Hesab edirəm ki, yavaş-yavaş bunlar da gerçəkləşməlidir. Bu məsələyə çox optimist baxıram”.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed