Şrift:
Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb
22.04.2021 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 21-də gələn bildirişdə onlardan Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinə gəlmələri tələb olunur.



Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə qeyd olunur ki, milli-mədəni fəallar Hüseyn Balaxani İsalı, Mustafa Pərvin Cuda, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colanidən bildirişi aldıqdan 5 gün müddətində son müdafiələrini etmək üçün Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsinə müraciət etməlidir.



Bildirişdə adı çəkilən fəallara qarşı “səs-küy salmaqla ictimai asayişi və intizamı pozmaq”, “bilərəkdən özünə bədən xəsarəti yetirmək”, “iş başında olan polis əməkdaşlarını təhqir etmək və tabe olmamaq”, “rəhbəri təhqir etmək” və “ölkənin daxili təhlükəsizliyinə qarşı aksiyada iştirak etmək və əlbir olmaq” ittihamları irəli sürülüb.

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 28-də Güney azərbaycanlı milli fəallar Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək mitinqi keçirib.



Həmin vaxt bir qrup milli fəal təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Ərdəbillə yanaşı Tehran, Təbriz, Urmiya şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs edildi, onlardan bir sırası girov müqabilində müvəqqəti sərbəst buraxıldı.



Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın başlamasından bəri İran təhlükəsizlik qüvvələri Güney Azərbaycan şəhərlərində və Tehranda Azərbaycan ordusuna göstərilən dəstək aksiyasını dağıdıb, yüzlərlə türk fəal və vətəndaş saxlanılıb, onlara işgəncə verilib.

Hadisənin üstündən aylar keçməsinə baxmayaraq milli-mədəni fəalların məhkəmə prosesləri hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed