Şrift:
Gürcüstan erməni təxribatının üstünə su səpir: “Bu, bizim diplomatiyamızın zəifliyidir”
28.04.2021 [20:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Avropa Şurasının yaz sessiyasında Ermənistan nümayəndə heyətinin Azərbaycanda saxlanılan diversantlarla bağlı məsələni gündəliyə çıxarması və Azərbaycan əleyhinə Gürcüstan deputatlarının səs verməsi Azərbaycan tərəfindən kəskin şəkildə pislənilib.

30 ildən çodur ki, əməkdaşlıq etdiyimiz, çətin vaxtlarında güzəştli şərtlərlə kredit verdiyimiz, tranzit ölkə kimi ən çox üstünlük verdiyimiz, enerji resursları ilə təmin etdiyimiz Gürcüstanın belə addım atması Azərbaycan üçün qəbuledilməzdir.

Gürcüstanın Azərbaycanın maraqlarını heçə sayması və işğalçını, onun terrorçusunu dəstəkləməsi, ərazisi işğal olan ölkə kimi onun öz mövqeyinə də uyğun gəlmir. Azərbaycan bundan sonra da regional layihələrdə Gürcüstanla əməkdaşlıq etməyə üstünlük verərkən, Gürcüstan hökumətinin bu uyğunsuz addımı Azərbaycan hökuməti tərəfindən qəti şəkildə pislənilir.

Maraqlıdır, Gürcüstan bu addımı niyə atır? Azərbaycan bundan sonra bu ölkə ilə münasibətlərini hansı formada davam etdirməlidir?

Mövzu ilə əlaqədar Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ ilə əlaqədar bizim Avropa Şurasındakı nümayəndə heyəti Gürcüstanın nümayəndə heyəti ilə müzakirələr aparmalıdırlar:

"Gərək bu məsələlər Gürcüstan tərəfi ilə rəsmi şəkildə danışıla. Bizim Avropa Şurasındakı nümayəndə heyəti ilə Gürcüstan nümayəndə heyəti arasında danışıqlar olmalıdır. Təbii ki, sessiyadan öncə bizim nümayəndə heyəti Gürcüstan nümayəndə heyəti ilə söhbətlər aparmalıdır. Mənim bu sahədə təcrübəm var. Zamanında biz də danışıb belə məsələləri həll edirdik. Bizim nümayəndə heyəti gərək öncədən prafaktik tədbirlər görəydi. Amma hər halda bu mərhələdən sonra da danışıb problemin həllinə çalışmaq olar. Bəzən kəskin reaksiyalar olur. Amma mən müttəfiq münasibətlərin korlanmasının və Gürcüstanı Ermənistanın qucağına atmağın tərəfdarı deyiləm.

GUAM tərkibində də bizim ortaq mövqelərimiz vardı. Ona görə də belə məqamlarda qonşuluq siyasətində bir qonşunun yanlışından sonra belə, münasibətləri qaydasına salmaq lazımdır. Gürcüstan Prezidentinin Ağrı dağı məsələsində Ermənistanın maraqlarını təbliğ etməsi də anlaşılan deyil. Bu yanlış addımdır. Mən “Keşikçidağ” məsələsində də bildirmişdim ki, Gürcüstanla nə qədər müttəfiqlik münasibətlərimiz olsa da, onları bir çox məsələlərdən xəbərdar etmək lazımdır.

Onlara xatırlatmaq lazımdır ki, Rusiya ilə müharibə aparanda, orada yaşayan 600 mindən çox türk Gürcüstan hökumətinin yanında oldu. Amma ermənilər Axalkalakidə fərqli davranırdılar və Ermənistanda bir "Baqratyan" bataliyonu da gürcülərə qarşı döyüşürdü. Onlara xatırlatmaq lazımdır ki, biz Gürcüstanla əməkdaşlıq etmişik, transfer ölkə kimi bu ölkəyə üstünlük vermişik, onlara aşağı faizlə kredit vermişik və s.

Gürcüstanla danışmaq və öz siyasətində korrektə etməsini bildirmək lazımdır. Əks təqdirdə Azərbaycan Gürcüstanla bağlı siyasətinə baxmalı olacaq. Hesab etmirəm ki, gürcü deputatların ermənilərin mövqeyini müdafiə etməsi yalnız onların özlərinin mövqeyidir. Bu Gürcüstan hökumətinin mövqeyidir. Gürcüstan hökumətini buna sövq edəcək bir məqamın olduğunu da güman etmirəm. Hər halda belə bir addım atılmamalıydı. Gürcüstan hökumətini buna kim və ya nə vadar edirsə və ya bu yolla Azərbaycana təzyiq göstərib siyasi sahələrdə daha güzəştli şərtlərlə nələrisə əldə etməyə çalışırlarsa, bu doğru addım deyil. Hər halda biz Gürcüstandan rəsmi cavab almalıyıq və ilk növbədə də Avropa Şurasındakı diplomatik nümayəndə heyətimiz dövriyyəyə girməlidir".

Əli Bədir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed