Şrift:
Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda “Ərzurumspor”u məğlub edib
04.05.2021 [09:51] - Gündəm, İdman
Mayın 3-də futbol üzrə Türkiyə çempionatının 39-cu həftəsi çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Ərzurumspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşə meydan sahibləri fəal başlayıblar. Matçda hesabı 6-cı dəqiqədə İstanbul təmsilçisinin yarımmüdafiəçisi Joze Sosa onbir metrlik cərimə zərbəsindən açıb. Daha sonra 12-ci dəqiqədə Enner Valensiya komandasının ikinci qolunu vurub. Cəmi iki dəqiqə sonra Dimitrios Peklas meydan sahiblərinin üçüncü qolunun müəllifi olub. Qonaqlar isə buraxılan toplardan yalnız birinin əvəzini çıxa biliblər. Özgür Sərt 81-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib 3:1.

Günün digər matçlarında isə “Başakşəhər” doğma meydanda “Ankaragücü”nü 2:1 hesabı ilə üstələyib. “Alanyaspor” səfərdə “Kasımpaşa”ya 0:3 hesabı ilə uduzub. “Sivasspor” səfər oyununda “Qaziantep”i minimal hesabla məğlub edib. “Yeni Malatyaspor” – “Kayserispor” matçında isə hesab 1:1 olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 76 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 75 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed