Şrift:
L.V. Savin: "... İran çox ciddi rəqibdir" - Eksklüziv
03.12.2012 [10:42] - Müsahibə
Bu yaxınlarda Rusiyanın populyar "Geopolitika" jurnalının və "Geopolitika.ru" portalının baş redaktoru, "Beynəlxalq Avrasiya Hərəkatının" administrasiyasının rəhbəri Leonid Vladimiroviç Savin bizim qonağımız olmuşdur. "Geostrategiya" jurnalının və "strategiya.az" saytının kollektivi ilə görüşdə müasir dövrdə regionun aktual problemləri mövzusunda maraqlı müzakirələr aparılmışdır. Görüşdən sonra L.V.Savin "Geostrategiya" jurnal və Strategiya.az saytı üçün eksklüziv müsahibə vermişdir.

Hər şeydən öncə, müsahibimizin təmsil etdiyi siyasi cərəyan haqqında bir neçə söz demək istərdik. Məsələ ondadır ki, hərçənd Avrasiya cərəyanı köhnə tarixə malik olsa da, SSRİ-nin və dünya sosialist sisteminin iflasa uğraması nəticəsində baş verən köklü dəyişikliklərdən sonra xüsusilə aktual olmuşdur. Dünyada qloballaşma və təsir dairəsi uğrunda mübarizənin kəskinləşməsi müxtəlif maraqları olan meyllərin və siyasi cərəyanların meydana çıxmasına təkan verir. Şübhəsiz, Avrasiya hərəkatında region ölkələrinin maraqlarının üst-üstə düşən məqamları vardır. Lakin problemlərə region ölkələrinin mövqeyinə tam uyğun olan birmənalı münasibət və onların birmənalı başa düşülməsinə nail olmaq çətindir. Buna görə də, bu müsahibəni həmin məsələyə çoxsaylı nəzər nöqtələrindən biri kimi sizin diqqətinizə təqdim edirik.

- Bu yaxınlarda Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz?

- İvanişvilinin qələbəsi, şübhəsiz, Rusiya ilə Gürcüctan arasında münasibətlərin nizamlanmasına kömək edəcək. Bu təkcə seçkiqabağı proqramın gündəliyində deyildi, həm də Saakaşvilinin partiyasının məğlubiyyəti ilə bağlıdır. Gürcüstanın yeni konstitusiyasına görə bu ölkədə ali hakimiyyət baş nazirə keçəcək, uyğun olaraq, tezliklə Saakaşvilinin səlahiyyətləri başa çatacaq və o, əvvəlki kimi, antirusiya və amerikayönümlü kursunu davam etdirə bilməyəcək. Gürcüstanda yeni qüvvələr balansı birmənalı şəkildə həm də bu ölkənin daxili vəziyyətini yaxşılaşdıracaq. Belə ki, Moskva ilə münasibətlərin normallaşdırılması ilə Gürcüstan üçün böyük satış bazarı açılmış olar ki, bu da iqtisadiyyatın vəziyyətinə və vətəndaşların həyatına birbaşa təsir göstərəcək. Rusiya üçün bu, təhlükəsizlik baxımından kifayət qədər həssas region olan Qafqazda yeni qarşılıqlı münasibətlər vektorunun qurulması imkanıdır.

- ABŞ prezidenti Barak Obama bu yaxınlarda bildirib ki, Yaxın Şərqdə antiqərb əhval-ruhiyyəsinin artmasına və radikal islamçıların rolunun güclənməsinə baxmayaraq, Amerika "güc dəyişikliklərini dəstəkləyəcək". Bununla bağlı Sizin münasibətinizi bilmək maraqlı olardı.

- Yaxın Şərqdə yenidən "formatlama" prosesi gedir. ABŞ həm vətəndaşlarının öldürülməsi, həm də imicinə vurulan zərbələr nöqteyi-nəzərindən itkilərinə baxmayaraq, özünün Şimali Afrika, İran körfəzi və Orta Asiya dövlətlərini əhatə edən Böyük Yaxın Şərq layihəsini bundan sonra da reallaşdırmaqda davam edəcək. Əlbəttə, Vaşinqtonun reallaşdırılması üçün bir neçə ssenariyə malik olduğu layihəsindən geri çəkilməyi inandırıcı deyil. Ağ ev ən azı regionda idarə edilən xaosu dəstəkləyərək, təhlükəsizliyi təmin etmək məqsədilə özünün hərbi iştirakını zəruriləşdirəcək.

Bununla paralel olaraq, Vaşinqton kiberməkanda həmin ölkələrin vətəndaşları ilə manipulyasiya edir - ABŞ Dövlət Departamentinin xüsusi şöbəsi, Pentaqonun kiberkomandanlığı və digər hökumət strukturları uzun illərdir internet vasitəsilə, region əhalisini özünəməxsus "yenidən proqramlaşdırılmasını" həyata keçirməklə hümanitar müdaxilələrlə məşğul olur. Qərbin dəstəklədiyi mötədil islam yaratmaq üzrə layihə, radikal sələfizm, bazar-tayfa şəbəkəsi mövcuddur. ABŞ-ın xüsusi institutlarının siyasi layihəçiləri, şübhəsiz, hadisələrin gedişini izləyir və öz planlarında düzəlişlər edirlər, çünki onların başqa çıxış yolu yoxdur. Düşünürəm ki, region xalqlarının maraqları naminə, Amerika təsirini sıxışdırıb çıxarmaq üçün- ardıcıl şəkildə, həm Avrasiyada, həm də digər qitələrdə strateji tərəfdaşlarla əlaqələr qurmaqla səylərin birləşdirilməsi lazımdır.

- Necə düşünürsünüz, Suriyadakı situasiya hansı ardıcıllıqla inkişaf edəcək?

Düşünmürəm ki, yaxın zamanlarda nə isə radikal şəkildə dəyişsin. Türkiyə, rəhbərlərinin ambisiyalarına baxmayaraq, çətin ki, Suriya ilə həqiqi münaqişəyə başlasın, baxmayaraq ki, vurulan təyyarə bunun üçün bəhanəni təmin edirdi. Ərdoğan çətin ki, öz təşəbbüsü ilə hansısa tədbirlər görə bilsin. İstənilən halda, ABŞ-da seçkilərə qədər, Əsəd rejiminə qarşı təcavüzə yönəldilən ölkələrin hər hansı ciddi qərarından danışmağa dəyməz. Digər tərəfdən, Suriyanın müttəfiqlərinin Dəməşqə kömək etmək üçün yeni vasitələri yarana bilər, məsələn, Rusiyanın xüsusi hərbi kampaniylar haqqında yeni qanunu Suriyada qayda-qanun yaratmağa və antiterror əməliyyatı aparmağa kömək edə bilər.

- ABŞ və İsraillə qarşıdurma fonunda İranı hansı gələcək gözləyə bilər?

ABŞ-da başa düşürlər ki, İran çox ciddi rəqibdir və onunla mübarizədə dişini qıra bilər. Orada yalnız müharibə meydanındakı əməliyyatlarla məhdudlaşa bilməzsən, Tehran istənilən anda ABŞ ərazisinə cavab zərbəsi endirə bilər. Əsl müharibəyə başlamaq üçün isə ABŞ prezidenti Konqresin razılığını almalıdır ki, bu da demək olar ki, mümkünsüzdür. Düşünürəm ki, Vaşinqton iqtisadi blokadanı gücləndirməkdə davam edəcək, beləlikə, İranı əldən salmaqla yanaşı, paralel olaraq müxalifət qüvvələrinin "yaşıl hərəkatını" dəstəkləyəcək. Əgər əvvəllər İranda seçkilərdən sonra rəngli inqilab iflasa uğramışdısa, indi, iqtisadiyyatdakı böhranı nəzərə alsaq, onun reallaşması üçün böyük şanslar mövcuddur. Digər tərəfdən, blokada İran rəhbərliyini daha zirək fəaliyyət göstərməyə, öz potensialını, o cümlədən, hərbi texnologiyasını səfərbər etməyə məcbur edir. Buna görə də bu sualın birmənalı cavabı yoxdur.

- Bu gün dünyada həyata keçirilən hansı inteqrasiya layihələri Sizdə daha aydın və effektiv təəssürat yaradır?

BRİKS bloku ölkələrin iqtisadi və sosial mədəniyyət prinsipinə görə birləşməsinin unikal modeli kimi mənə kifayət qədər maraqlıdır. Çoxtərəfli müqavilələrdən dünyanın çoxqütblü quruluşa keçməsi tamamilə realdır. Buna Latın Amerikası ölkələrində olan inteqrasiya layihələrini əlavə etmək olar - ALBA, SELAS, ümumi Cənubi Amerika bazarı bütövlükdə Mərkəzi və Cənubi Amerika ölkələrinin yeni siyasi qütbünün yaranmasına kömək göstərəcəkdir ki, orada ABŞ-ın müdaxiləsi istisna təşkil edəcəkdir. Bizim məkanda bu, yeni inkişaf səviyyələrinə qaldırıla biləcək AvrAzİB, ŞƏT və KTMT-dir. Afrikanı birləşdirmək haqqında danışmaq hələ tezdir, baxmayaraq ki, mərhum Muəmmər Qəzzafi tərəfindən dəstəklənən bu ideya kifayət qədər adekvat idi.

- Avrasiya əməkdaşlığı baxımından Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivinə necə baxırsınız?

Azərbaycan Asiyanı Avropa ilə birləşdirən, eyni zamanda karbohidrogen ehtiyatlarına malik və türk mənşəyi olan mühüm qovşaqdır. Bu göstəricilər Rusiyada da mövcuddur, hərçənd bizim ölkəmizin, əlbəttə ki, böyük miqyası, iqtisadiyyatı vardır və etnik cəhətdən daha mürəkkəbdir. Düşünürəm ki, qarşılıqlı münasibətləri həm Rusiya Federasiyasında, həm də Azərbaycanda nostalgiya ilə xatırlanan sovet keçmişi əsasında deyil, Avrasiya eyniliyi, ümumi maraqlar və ümumi talelərlə əlaqəli şəkildə qurmaq lazımdır. Birgə layihələrin reallaşdırılması və qarşılıqlı hormonik sərfəli siyasətin aparılması tamamilə mümkündür və bu, bizim dövlətlərin xalqlarının xeyrinə olardı.

- Avrasiya birliyinin gələcəyini necə təsəvvür edirsiniz?

Burada bir neçə səviyyəyə baxmaq olar. Birincisi - postsovet məkanı dövlətlərinin birləşməsidir ki, bu artıq gedir. Rusiya Federasiyası, Qazaxıstan və Belarus bu prosesin fraqmentləridir, amma Avrasiya İttifaqı yeni üzvlər üçün açıqdır. Əlbəttə ki, bu ideyanın əleyhdarları SSRİ-nin bərpası haqqında danışırlar, lakin onlar Brüsseldən və Vaşinqtondan asılı olmadan siyasət yeridən dövlətlərimizin özlərini təmin edə bildiyini və suverenliyini, sadəcə olaraq, başa düşmürlər və görmək istəmirlər. İkinci səviyyə - daha geniş Türkiyə, İran, Serbiya və s. daxil olduğu dövlətlər qrupunun yaxınlaşmasıdır. Nəhayət, bütün qitənin birləşdirilməsi, Lissabondan Vladivostoka qədər ümumi iqtisadi, gömrük məkanının yaradılmasıdır.

Lakin bu, mümkün ümumi meyllərdir. Avrasiya xalqlarının dünyagörüşü, siyasi fəlsəfəsi, ideologiyası, dini, mədəniyyəti və ənənələrini əhatə edən daha dərin məqamlar da vardır. Birinci avrasiyaçılardan - qeosiyasi determinizm, rus dövlətçiliyinə Asiya (monqol) təsiri, ideokratiya konsepsiyası və s. əsasında doktrina hazırlamış Trubetskoydan, Savitskidən, Alekseyevdən, Çxeidzedən, Yakobsondan başlamış, daha sonra Lev Qumilyov və neoavrasiyaçılığın banisi, avrasiyaçılığı poststrukturalizm fəlsəfəsi, geosiyasi, sosioloji və fəlsəfi ideyalarla zənginləşdirmiş Aleksandr Duqinə qədər bu ideya inkişaf və zənginləşdirilməkdə davam etdirilir. Buna görə də, gələcək müəyyən mənada yaradıcılıq üçün açıqdır. Lakin digər tərəfdən, ümumi Avrasiya gələcəyi - taledir. Bunu bizim hamımız nə qədər tez başa düşsək və ümumi məkanımızın birgə abadlaşdırılmasına başlasaq, bizim hamımız üçün daha yaxşı olacaq.

- Sizcə, nəzərdə tutulan birlik çərçivəsində, həmin məkanda barışmaz qanlı münaqişələrin olduğu şəraitdə sıx əməkdaşlığa nail olmaq mümkündürmü?

Tarix göstərir ki, qanlı münaqişələr müəyyən vaxtdan sonra unudulur, bir-birini qətlə yetirənlərin nəsilləri qonşuluqda bir-birilə dinc yaşamışdır. Bundan başqa, elə hallar olur ki, xalqların düşmənçiliyi zamanı qarşılıqlı anlaşma adacıqları meydana çıxır. Ən başlıcası - kənardan üçüncü qüvvənin siyasi elitanın və radikalların əhvali-ruhiyyəsi, ambisiyaları və maraqları ilə manipulyasiya etməsinə imkan verməməkdir. Təəssüf ki, bu, qismən də olsa, indiyə kimi davam edir. Bundan başqa, iqtisadi cəzbedicilik bu və ya digər ölkədə etnomillətçi reaktivliyin və ya dini ekstremizmin qarşısını ala bilər. Bu cür münaqişələrin araşdırılması və profilaktikası üçün mexanizm mövcuddur. Təəssüflər olsun ki, bəzən bir sıra dövlətlərin siyasi elitası şəxsi maraqlarının təsiri altında barışığa və zorakılığın dayandırılmasına yönəlmiş layihələrin reallaşmasını istəmir, bundan da əhalinin əksər hissəsi əziyyət çəkir. Xarici qüvvələrə də öz müdaxilələrinə haqq qazandırmaq üçün qeyri-sabitlik əyrisini (Bjezinskinin termini) dəstəkləmək sərfəlidir. Bu məqamda postsovet məkanında münaqişələrlə məşğul olan mövcud dövlətlərarası və dövlətlərüstü qurumlar kifayət deyildir, və ya onların fəaliyyəti kifayət qədər səmərəli deyildir. Bu məsələdə xüsusən informasiya texnologiyalarının sərhədləri sərbəst "keçməyə" imkan verdiyi bir vaxtda xalq diplomatiyası müəyyən rol oynaya bilər.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed